Kitabxananın qoxusu… Bu qoxu oxuculara yaxşı tanışdır. Kağız, mürəkkəb və zamanın bir-birinə qarışdığı o xüsusi ətir ki, heç bir parfüm ustası onu təkrar edə bilməz. Əlinizdə yeni bir kitab tutanda hiss etdiyiniz həyəcan, ilk səhifəni çevirərkən eşitdiyiniz o xışıltı – bütün bunlar oxumaq prosesinin estetik tərkib hissələridir.
Hazırda rəqəmsal dövrdə yaşayırıq. Telefonlarımız, planşetlərimiz, kompüterlərimiz minlərlə kitabı özündə saxlaya bilir. Bir toxunuşla istənilən əsərə çata bilərik. Ancaq bu rahatlıq fiziki kitabın və dərginin verdiyini verə bilirmi? Cavabım qətidir: xeyr!
Əlimdə “Füyuzat” dərgisini tutanda özümü başqa bir zamanın içində hiss edirəm. Səhifələri vərəqləyərkən hər məqalənin, hər yazının öz yeri, öz dünyası var. Rəqəmsal ekranda isə hər şey eyni görünür – eyni şrift, eyni işıq, eyni toxunma hissi. Fiziki nəşr isə hər dəfə fərqli təcrübədir. Kağızın toxunması, səhifələrin çevrilməsi, hətta dərginin ağırlığı belə oxu prosesinin bir hissəsidir.
Sabah erkən saatlar… Qarşımda bir fincan qəhvə, pəncərədən süzülən səhər işığı və yeni açılmış bir kitab. Bu, sadə bir oxu seansı deyil, ritualdır. Rəqəmsal cihazınızla eyni anı yaşamağa çalışın – bildirişlər, zənglər, e-poçtlar dərhal sizi real dünyaya qaytaracaq. Kitab isə sizi öz dünyasına aparır və buraxmır.
Xatırlayıram, uşaq vaxtı atamın kitabxanasında saatlarla oturardım. Rəflərdəki kitabları bir-bir götürüb baxardım. Hər birinin öz rəngi, öz qabığı, bəzilərinin səhifələri arasında quru çiçəklər, köhnə fotoşəkillər… Bu kitablar sadəcə məlumat daşıyıcısı deyildi, ailə tariximizin bir parçası idi. İndi rəqəmsal kitabxanamda minlərlə kitab var, amma heç biri o xatirələri yarada bilmir.
Dərgi oxumağın ayrıca bir zövqü var. Jurnalı əlinizə alıb başdan-başa vərəqləyirsiniz. Bəzən axırdan başlayırsınız, bəzən ortasından. Maraqlı bir başlıq diqqətinizi çəkir. Sonra qayıdıb əvvəldən başlayırsınız. Bu sərbəst hərəkət, bu kəşfetmə azadlığı rəqəmsal formatda olmur. Ekranda hər şey nizamlı, ardıcıl və … darıxdırıcıdır.
Estetika yalnız gözəllik deyil, həm də hisslərin cəmidir. Yeni kitabın qoxusu, köhnə kitabın səhifələrinin sarımtıl rəngi, dərginin parlaq qabığı, əlyazması qeydlərin kənarında görünməsi – bütün bunlar oxu təcrübəsini zənginləşdirir. Mən özüm oxuduğum kitablara qeydlər yazıram, vacib səhifələrin küncünü qatlayıram. Bu kitab artıq sadəcə kitab deyil, mənim kitabımdır. Rəqəmsal kitabda da qeyd olar, amma o, “soyuq” olur.
Həmçinin unutmayaq ki, kitab və dərgi oxumaq sosial aktdır. Metrodakı, parkdakı, kafedəki insanların əlindəki kitaba baxıb nə oxuduğunu maraqla təxmin edirik. Bəzən bu, söhbətə səbəb olur. “Siz də bu kitabı oxuyursunuz?” deyə tanımadığımız birinə yaxınlaşa bilərik. Rəqəmsal cihazda isə hamı eyni şeyi edir – ekrana baxır. Nə oxuduğunu bilmirsən, fikir mübadiləsi apara bilmirsən.
Kitabxana mədəniyyəti… Evinizdə kitab rəflərinin olması, qonaqların o rəflərə baxıb sizi daha yaxşı tanıması – bu, rəqəmsal dövrdə itirilmiş bir ənənədir. Mənim kitabxanam mənim portretimdir. Orada klassik ədəbiyyat, müasir romanlar, elmi əsərlər, incəsənət albomları var. Hər biri fərqli bir zamanda, fərqli bir ruh halında alınmışdır. Bir qonaq gəlib o rəflərə baxanda mənim haqqımda çox şey öyrənə bilər.
Dərgilərin də öz dili var. Hər dərginin dizaynı, şrift seçimi, rəng paleti onun fəlsəfəsini əks etdirir. “Füyuzat” dərgisi mənim üçün yalnız məqalələr toplusu deyil, zərif estetikanın, düşüncənin və mədəniyyətin bir araya gəldiyi məkandır. Onu əlimə aldığımda bilirəm ki, burada keyfiyyət var, zövq var, hörmət var.
Təəssüf ki, müasir gənclər bu zövqü getdikcə itirirlər. Onlar üçün məlumat sürətlə əldə edilməli bir şeydir. TikTok videoları, Instagram yazıları, qısa məzmunlar… Dərinlik, düşüncə, təfəkkür yerini sürətə və kütləviliyə verir. Ancaq əsl mənəvi zənginlik yavaşlıqda gizlənir. Səhifə-səhifə irəliləyərək, cümlə-cümlə düşünərək, bəzən eyni paraqrafı bir neçə dəfə oxuyaraq insan həqiqətən böyüyür.
Oxumağın estetikası həm də məkana bağlıdır. Evdə rahat kresoda, bağçada ağac kölgəsində, dənizkənarında, hətta metroda gedərkən… Hər məkan oxumağa öz rəngini qatır. Rəqəmsal ekran isə hər yerdə eynidir. İşıqlı bir düzbucaq. Amma kitab həmişə fərqlidir – gündüz günəş işığında, axşam çıraq altında, gecə yataq lampasının zəif işığında başqa-başqa görünür.
Bəziləri deyir ki, rəqəmsal formatın üstünlükləri var. Yüzlərlə kitabı cibində daşıya bilirsən, axtarış funksiyası var, lüğət inteqrasiyası var… Bütün bunlar doğrudur. Amma estetika məntiq deyil, hissiyyatdır. Və heç bir texnologiya hələlik kağızın toxunuşunu, mürəkkəbin qoxusunu, səhifəni çevirərkən yaranan mehribanlığı təkrar edə bilməyib.
Nəticə etibarı ilə, dərgi və kitab oxumaq yalnız məlumat əldə etmək deyil, həyat tərzinin bir hissəsidir. Bu özünə hörmətdir, mədəniyyətə hörmətdir, keçmişə hörmətdir. Hər bir fiziki nəşr zamanın şahididir. O köhnəlir, saralmış olur, bəlkə, cırılır, amma məhz bunlar ona dəyər qatır. Rəqəmsal kitab əbədi gəncdir – heç vaxt köhnəlməz, heç vaxt xatirə olmaz.
“Füyuzat” oxucularına çağırışım budur: kitabxanalarınızı qoruyun, dərgi kolleksiyalarınızı yığmağa davam edin. Gələcək nəsillərə miras buraxın. Çünki bir gün övladlarınız deyəcəklər: “Ata, sən gənclik dövründə hansı işlərlə məşğul olmusan?”. Siz o vaxt planşetinizi yox, rəfinizi göstərəcəksiniz.



