Ədəbiyyat Xəbərlər

Səma şairim

1937-ci ildə şimşək çaxdı… Böhtan ataraq “xalq düşməni” adı ilə neçə çırağı söndürdülər. Sanki yer-göy bu haqsızlığa dözmədi. Amma “insan” vicdansızlığa razı oldu. Dahi Hüseyn Cavid də bu dövrün qurbanı oldu… Onun “Ana”, “Azər”, “Afət”, “Xəyyam”, “İblis” əsərlərində həyata, Yaradana sevgisinin dəfələrlə şahidi oluruq.

“İblis” əsəri şairin Allah sevgisinin bariz nümunəsidir. Cavid “İblis”i tək səhnə üçün yazmayıb. “İblis” əsəri bizim həyatımızın özüdür. Biz iblisi görmürük. Varlığını ətrafımızda hiss edirik. “Cümlə xəyanətlərə bais olan” daima əhatəmizdədi. Bizi yanlış yola yönəldir. Yanlış yolda olmağımız üçün çalışır. Qəlbimizin gizli səsini dinlədikdə isə Tanrını tapırıq. O bizi həmişə bizim xəbərimiz olmadan qoruyur.

Romantizm ədəbi cərəyanının əsas nümayəndələrindən olan H.Cavidin əsərlərinin aparıcı mövzularından biri də qadın azadlığıdır. Şairin fikrincə, qadın mövhumatdan, cəhalətdən uzaq olmalıdır. Bütün qadınlar azad və xoşbəxt olmağa layiqdirlər. Qadın gülüşü səssiz, lakin bir o qədər də güclü işıqdır.

Şairin özünün də dediyi kimi:

Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

H.Cavid həmçinin qızların sadə, təhsilli və imanlı olmalarını arzulayırdı. Bu qəbildən olan düşüncələrini “Qız məktəbində” şeirində incə duyğularla əks etdirmişdir.

H.Cavid Azərbaycan ədəbiyyatında romantizmin əsasını qoymuş “Füyuzat” jurnalının yazarlarından idi. Həmin dövr (1906–1907) özünəməxsus tarixi hadisələrlə yadda qaldı. “Ana”, “Şeyx Sənan”, “Səyavuş”, “Xəyyam”, “İblis” əsərlərinin yazılması ilə mənzum dram əsərləri formalaşdı. “İblis”in timsalında H.Cavidin yaratdığı obrazların hər biri bu günümüzdür. Eyni ilə də gələcək illərin aktual mövzusu olacaq.

Azərbaycan ədəbiyyatında əbədi iz qoymuş səma şairimin adı ömür boyu qəlblərə həkk olunacaq. H.Caviddən yazmaq mənim üçün məsuliyyətli və qürurludur. Mən doğma Cavidimə əbəs yerə “oktyabrın qızılgül ətri” demirəm. Oktyabr Cavidlər ayıdır. Qızılgül isə Cavidin ən sevdiyi gül idi…

Aysel Mübarizqızı
BDU Jurnalistika fakültəsinin magistrantı
H.Cavidin böyük qardaşı – Şeyx Məhəmməd Rasizadənin nəticəsi