Günel Natiqqızı Köşə Yazıları

Sənə bir günəşli cahan verərdim

Hicran atəşində yananların ruhuna “Can deyib, can eşidərdik, bu ayrılıq nədən oldu?” ifası ilə həmdəm olan məlahətli səs sahibi bizə sirdaş olacaq daha bir ruhu bəxş edir həyata. 1948-ci ilin avqustun 8-də Sara Qədimovanın ailəsində insanı səsinin sehri ilə “Hər şey gözəldir həyatda!..” deməyə inandıracaq Akif İslamzadə göz açır dünyaya.
O, hələ 12 yaşı olarkən Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın “Çoban Qara” mahnısını səsləndirir. Akif İslamzadə 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi ifaçılığa başlayır. Beləliklə, musiqi dünyamız “ürəkdən qəm-kədəri qovlayan” səsin sehrinə bürünür. Amma bu səs sadəcə xoş günlərdə deyil, “bir il kimi uzun olan” gecələrdə də ən yaxın sirdaşımız olur…

“Gecə qaralama kimi elədik. Dedik, sonra üstündə işləyərik. Səsi studiyada yox, ev şəraitində yazdıq. Piano ilə. Emin Sabitoğlu özü müşayiət edirdi. Yazıb Nigar xanıma eşitdirmişdilər. Və mən bu günə kimi düşünürəm ki, biz günaha batmışıq. Bəlkə də Nigar xanım qulaq asan kimi başa düşüb ki, Rəsul dünyasını dəyişib… Mahnının sözləri əvvəllər yazılmışdı. Amma mahnının oxunma tərzindən, intonasiyasından bu aydın sezilirdi. Düşünürəm ki, Nigar xanım şair qadın idi, incə qadın idi, duyğulu insan idi. Yəqin ki, mahnının oxunuşundan başa düşüb ki, Rəsul yoxdur… Allah keçsin günahımızdan!…”

Akif İslamzadənin 1982-ci ildə ifa etdiyi sözləri Nigar Rəfibəyliyə, musiqisi Emin Sabitoğluna məxsus olan “Alagözlüm” mahnısı ilə bağlı xatirələri

Ən şirin təlaşlarla görüş vaxtını gözləyib həyəcanlanan qəlblərə də elə şirin dillə təskinlik verir o:

“İndicə gələr, gözlərin gülər
Beş dəqiqə döz, qəlbini sıxma
Darıxma, darıxma, darıxma…”
Onun ifaları təmiz eşqlə “Təkcə səndən xoşum gəlir” deyənlərin etirafına inanmağa da sövq edir bizi:

“Desələr ki, unutmuşam,
Özgəsinə üz tutmuşam
Bu söhbətə inanma sən”.

Akif İslamzadənin könül dünyamıza “günəşli cahan verə bilən” ifaları həm də bizi ötən günlərimizə qaytaran, keçmişdən gələn ruhumuzun yoldaşıdır:

“O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar.
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim”.

Bəzən keçmişdə qoyduğumuz izlərdə yalnız işıqlı anlar olmur. Yanlışlarla da iz salırıq həyatda. Və bu sehrli səs bəlkə də bütün qəlbimiz, ruhumuzla əfv edilməyi istəsək, bir gün bağışlanacağımız ümidini cücərdir qəlbimizdə…

“Tellərini titrədən meh
Dodağına düşən o şeh
Şahidimiz qövsi-quzey
Keçəcək yəqin günahımızdan”.