Xəbərlər

Şimali Koreya Cənubi Koreyaya zibillə dolu 150-dən çox şar göndərib

Cənubi Koreya Şimali Koreyanın iki ölkə sərhədindən zibil dolu 150-dən çox şar göndərdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimalın göndərdiyi 150-dən çox şarın sərhədi keçərək ölkənin müxtəlif bölgələrinə düşdüyü bildirilib.

Açıqlamada yerə düşən şarların içərisində plastik şüşə, akkumulyator, ayaqqabı hissələri və gübrə kimi zibillərin olduğu qeyd edilib: “Şimali Koreyanın bu hərəkətləri xalqımızın təhlükəsizliyini ciddi şəkildə təhdid edir”.

Bundan əvvəl, fəallardan ibarət qrup mayın 13-də Cənubi Koreyadan Şimali Koreyaya Pxenyan administrasiyasına qarşı təbliğat vərəqələri olan təxminən 20 böyük şar göndərib.

Daha sonra Şimali Koreya da “qisasa qisas” xəbərdarlığı edib və sərhəd bölgələrinə “tullantı kağız və kir yığınlarını səpələyəcəyini” bildirib.