“Koreya yarımadasındakı vəziyyətin pisləşməsi ölkənin təhlükəsizliyi üçün daha qətiyyətli tədbirlərin görülməsini tələb edir. Bu səbəbdən Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə avtomobil və dəmir yollarını bağlayacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Şimali Koreya ordusunun Baş Qərargahı bildirib.
KXDR-in suverenliyinə qəsd etmək üçün gücdən istifadə etmək cəhdlərini açıq şəkildə nümayiş etdirən düşmən qüvvələrin qarşıdurma istəyi Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətini pisləşdirir. Məsələn Cənubi Koreya ilə ABŞ arasında keçirilən hərbi təlimlər sabitliyi təhdid edir”, – məlumatda qeyd edilib.
“Oktyabrın 9-da Cənubi Koreya ilə avtomobil və dəmir yollarının tamamilə bağlanması və güclü müdafiə strukturları ilə möhkəmləndirilməsi məqsədilə tikinti işlərinə başlanılacaq. İstənilən şəraitdə Cənubi Koreya ilə cənub sərhədinin daimi blokadası müharibənin qarşısını almaq və respublikanın təhlükəsizliyini qorumaq məqsədi daşıyan özünümüdafiə tədbiridir”, – məlumata əlavə edilib.