Ədəbiyyat Kazım Kazımov

Sipər olan millət!

Hər bir xalqın tarixində bəşər övladını silkələyən, eyni zamanda onun iradəsini sınayan anlar olur. Bizim tariximizdə bu anlardan biri məhz 27 sentyabrda yaşandı. Təqvimin yarpaqları 2020-ci ilin bu gününü göstərdiyi vaxt millətimiz yalnız torpaq uğrunda savaşa başlamadı, həm də öz varlığını, öz kimliyini qorumaq üçün ayağa qalxdı.

Türkiyənin istiqlal şairi mərhum Mehmet Akif Ərsoyun “İstiqlal Marş”ında söylədiyi “Siper et gövdeni dursun bu hayasızca akın” misrası sanki türk dünyasının ortaq yaddaşında əks-səda doğuran bir nida kimidir. Çünki bu çağırış təkcə Anadolunun deyil, Qafqazın da taleyinə işıq salır. Eynilə Qafqazdan Anadolu elinə qələbə müjdəsi daşıyan Əhməd Cavadın “Çırpınırdı Qara Dəniz” şah əsəri kimi. 300 ilə yaxın davam edən yadellinin, işğalçının, fitnəkarın “həyasız axın”ı, nəhayət ki, 27 sentyabr 2020-ci ildə dayandırıldı. Və Əhməd Cavadın müjdə misralarında ifadə etdiyi kimi, şanlı bayraq Şuşa qalasına dikildi.

Bu axının kökləri dərinlərə gedir: Şərqin son fatehi Nadir şahın ölümündən sonra başlayan təfriqə, Sisianovun qanlı çəkmələri ilə sürətlənən işğal siyasəti, 31 Mart qırğınında, Zəngəzurda, Qarabağda qaya kimi üstümüzə çökən faciələr… Tarixin hər burulğanında millətimizin sinəsi parçalandı, amma ruhu sınmadı.

Və nəhayət, o gün gəldi. Azərbaycan xalqı öz ordusunun gücündə, öz siyasi iradəsinin qüdrətində sipər oldu. Zəfərin ilk günü millətimizin yaddaşına yeni bir səhifə kimi yazıldı: mərmərləri şəhid qanı ilə yoğrulan, sütunları qazilərin iradəsi ilə möhkəmlənən səhifə. Həyasız axının bu torpaqlardan qovulduğu şanlı bir yürüyüş başladı.

Bu gün biz şəhidlərimizin ruhuna rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq.

Ən böyük arzumuz isə odur ki, bu bərəkətli torpaqlar bir daha qan görməsin. Zəfərin gətirdiyi sülh sabahlarımızın bəhrəsi olsun. Millət olaraq sipər olduğumuz o gün biz yalnız bir savaş qazanmadıq, həm də tariximizin istiqamətini dəyişdik. Həm də qəlbi Azərbaycanla döyünən dünyanın dörd bir yanındakı soydaşlarımızın da iftixarla könlünü isidə biləcəyi zəfər məşəlləri yandırdıq.

Kazım Kazımov