Xəbərlər

Siyarto: Ukraynada münaqişənin həlli ilə dünya müharibəsi təhlükəsi bitəcək

NATO ölkələri və Rusiyanın da içində olduğu üçüncü dünya müharibəsi təhlükəsi mövcuddur, lakin Ukraynada münaqişə sona çatarsa, təhlükə aradan qalxa bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündən sonra bildirib.

Görüşdən sonra macar jurnalistlərin suallarını cavablandıran Siyarto ABŞ-ın keçmiş Prezidenti Donald Trampın yeni dünya müharibəsi təhlükəsi ilə bağlı fikirləri ilə razılaşıb. Diplomat əlavə edib: “Hər gün Ukraynada hərbi əməliyyatların eskalasiyası artır və bununla da dünya müharibəsi ehtimalı daha da artır. Rusiya ilə NATO arasında birbaşa qarşıdurma riski yaranır. Rusiya ilə NATO arasında birbaşa toqquşmanın qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik”.

Onun sözlərinə görə, yeni dünya müharibəsi təhlükəsi Ukraynadakı münaqişədən qaynaqlanır və buna görə də mümkün qədər tez dayandırılmalıdır. “Əgər Ukraynada döyüşlər dayanarsa, bu təhlükə dərhal azalacaq”, – deyə xarici işlər naziri izah edib.

Siyarto həmçinin bildirib ki, Macarıstan Ukrayna münaqişəsinin həllinə ümidlərini ABŞ prezident seçkilərində Trampın qələbəsinə və Ağ Evə qayıtmasına bağlayır.

“Biz düşünürük ki, Donald Tramp seçkilərdə qalib gəlsə, Mərkəzi Avropada sülhə qayıda biləcəyik. Amerikalı seçicilər başqa cür qərar versələr, o zaman Avropada bizi çox çətin dövr gözləyir”, – macar nazir deyib.