Xəbərlər

Sofiya Universitetində Azərbaycan–Bolqarıstan mədəni əlaqələrinə həsr olunmuş görüş keçirilib

Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetində “Azərbaycanın mədəni irsinin Bolqarıstanda təqdimatı” mövzusunda dəyirmi masa təşkil olunub.

“Füyuzat”ın AZƏRTACA istinadən məlumatına görə, tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Azərbaycan–Bolqarıstan Dostluğunun İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən keçirilib.

Qeyd edək ki, tədbir Azərbaycan və Bolqarıstan dövlət himnlərinin səsləndirilməsi ilə açılıb.

Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin, SOCAR-ın Bolqarıstan nümayəndəliyinin əməkdaşları, Sofiya Universitetinin professor-müəllim heyəti və tələbələri, eləcə də mətbuat və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

İctimai Birliyin sədri, “Akkord” jurnalının baş redaktoru Mariya Hüseynova-Atanasova tədbir iştirakçılarını prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etməsi barədə məlumatlandırıb.

SOCAR-ın Bolqarıstandakı nümayəndəsi Rosen Simidçiyev çıxışında iki ölkə arasında enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib:

“Bu gün Azərbaycan qazı Bolqarıstanın istehlakının 50 faizindən çoxunu təşkil edir. Bu fakt, iki ölkə arasında sabit və strateji tərəfdaşlıq münasibətlərinin göstəricisidir“.

Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndəsi Nərgiz Əhmədova çıxışında Azərbaycanın zəngin mədəni irsindən danışıb:

“Azərbaycanın hər bir bölgəsinin özünəməxsus mədəniyyəti, mətbəxi və adət-ənənələri var. Bu müxtəliflik ölkəmizin mədəni sərvətinin əsasını təşkil edir“.

O həmçinin Şəkinin tarixi əhəmiyyəti, İpək Yolu üzərindəki mövqeyi, kəlağayı və Şəki halvası kimi ənənəvi sənət nümunələri barədə məlumat verib və iştirakçılara Azərbaycan çay mədəniyyətinin simvolu olan armudu stəkan təqdim edib.

Tədbir zamanı iştirakçılara Azərbaycan milli musiqisindən nümunələr, o cümlədən “Sarı gəlin” mahnısı və muğam təqdim olunub. Görüş Azərbaycan mətbəxinin təamlarının təqdimatı ilə davam edib. Qonaqlara milli şirniyyatlarımızdan təqdim olunub.