Fidan Vahid Köşə Yazıları Xəbərlər

Sözlər səsə çevrilə bilməyəndə…

İnsanın ən təbii ehtiyacı, varlığını təsdiq yollarından biridir söz söyləmək. “Mən də varam!” deyə bilmək, səsini eşitdirmək. Mənəviyyatından yoğrulan, qəlbindən süzülüb-gələn, mahiyyətini ifadə edən və səs libasına bürünərək nəhayətində deyilən sözlər… O sözlər ki ariflərimiz onları qəlb dənizinin sahili adlandırmışdır.

Sahil… İnsanın daxili aləmində nə varsa, dilinə, sözünə, səsinə, simasına da o yansıyar.

Bəs səsi olmayanlar necə? Onların qəlbində heç nə yoxdurmu?

Bəzən sözlər səsə çevrilə bilmir. Səslər itir, unudulur, yoxa çıxır.

Söz səsə çevrilə bilməyəndə korşalır. İtiliyini, kəskinliyini unudur. Özündən uzaq düşür. Və qəlblə dili bir-birinə birləşdirən körpüləri sındırır. Söz səsə çevrilə bilməyəndə zamanla boğazda düyünlənir, gözlərdən gilə-gilə axır, qəlbə yük olur.

Səslər də ağrıyır, qəriblik çəkir, darıxır.

Səslər çox zaman doğma qulaqlarda can verir, son mənzilə yola salınır…

Səsini itirənlər zamanla özünü insan kimi hiss edə, görə bilmir. Bəzi hallarda Frans Kafkanın qəhrəmanı Qreqor Zamza kimi bir səhər yuxudan durub özünü böcək kimi görür, özünə yadlaşır. Söylədikləri eşidilməyəndə özləri də yoxa çıxır, cılızlaşır adamlar. Kafkanın da insandan böcəyə yolçuluğu çox öncədən, uşaqlıq zamanlarından başlamışdı. Bu yolun dərki yazarın “Atama məktub”undan keçir: “Bir şeyi heç vaxt başa düşə bilmədim: necə olurdu ki, sən o sözlərinlə, mühakimələrinlə məni nə qədər alçaltdığını, sındırdığını hiss etmirdin?!”, “İndi sənə yazılı cavab vermək istəsəm də, yenə ürəyimdən keçənlərin hamısını deyə bilməyəcəyəm, çünki yazanda da səndən qorxmağım, hələ də bu qorxudan əzab çəkməyim buna imkan verməyəcək, çünki demək istədiklərim yaddaşımın, zəkamın tutumundan çoxdur”.

Bir insanın zamanla özünə yadlaşmasının, uzaqlaşmasının ən ağrılı örnəyidir Kafka. Deməli, səslər bəzən bir-birilə savaşa, biri digərini sıradan çıxara bilir.

Sözlər səsə çevrilə bilməyəndə uduzur…