Xəbərlər

Stoltenberq gələn il NATO-ya rəhbərliyi ilə bağlı xatirələrini dərc edəcək

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq alyansa rəhbərlik etdiyi dövrlə bağlı “Mənim saatım” adlı memuar yazacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə kitabı nəşr etməyi planlaşdıran “Gyldendal” nəşriyyatının Norveç filialının press-relizində deyilir.

“Təhlükəsizliyimiz üçün həlledici bir zamanda dünyanın ən güclü hərbi ittifaqına rəhbərlik etmək mənim hekayəmdir. Son on ildə dünya daha təhlükəli hala gəldi və NATO daha da gücləndi. Bunlar əsas dəyişikliklərdir. Mən bu dramatik dövrə yaxın məsafədən baxışımı bölüşmək istəyirəm”, – Stoltenberq bildirib.

“Gyldendal” qeyd edib ki, kitabın əsas mövzuları arasında Ukraynadakı münaqişə, NATO-nun Əfqanıstandakı fəaliyyəti, blokun ABŞ Prezidenti Donald Trampla əməkdaşlığı, həmçinin Rusiya, Çin və digər böyük dövlətlərlə əlaqələri yer alacaq. Nəşriyyat artıq Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Almaniya, İsveç, Danimarka və Finlandiyada memuarların nəşri hüququnu satıb.

Stoltenberq 2014-cü ildən Şimali Atlantika Alyansına rəhbərlik edir. Oktyabrın 1-də o, vəzifəsini Hollandiyanın keçmiş Baş naziri Mark Rutteyə təhvil verib. Mandatının başa çatmasına bir həftə qalmış Stoltenberq Amerikanın CNN teleşirkətinə müsahibəsində alyansın möhkəmlənməsini özünün əsas uğuru, qoşunların Əfqanıstandan çıxarılmasını isə uğursuzluq və məyusluq adlandırıb.