13 ildən sonra Suriyada xalq qələbə çaldı. Rusiya və İran başda olmaqla xarici qüvvələr tərəfindən qorunan anti-milli “milli lider” Bəşər Əsəd hakimiyyəti qoyub qaçdı. Hər kəs ən az Suriya xalqı qədər sevinərkən bizi narahat etməli olan nüanslar gözdən qaçır. Düşünməli və cavab tapmalı olduğumuz suallar yaranır.
Necə oldu ki, 13 ildir devrilməsi müşkül olan Əsəd rejimi bir neçə gün içində süqut etdi? Müəmmalı süqut gələcəyə hesablanan taktiki addımların carçısı ola bilərmi?
Həqiqətən də, Əsəd rejimi xalqına qarşı müstəsna zülmlər edən, qəddar və ədalətsiz monarxiyadan başqa bir şey deyildi. Xalqın iradəsinə qarşı çıxan bu rejim əvvəl-axır məhvə məhkum idi. Amma 2011-ci ildən başlayan anti-Əsəd devrim 13 il ərzində qələbəyə nail olmadığı halda, müxalifət bir neçə gündə rejimi necə məğlub etdi?
Səbəb aydındır. Rusiya və İrandan aldığı dəstəklə iqtidarını qoruya bilən Əsəd artıq Kremldə istənilmədi. İran son ana qədər Əsəd rejimini qorumağa çalışsa da, Rusiyanın rejimi tək qoyması Tehranı da əlacsız vəziyyətə saldı.
Rusiya son ana qədər rejimə dəstək versəydi, Bəşər Əsəd məğlub olmazdı, olsa da, bu aylar, bəlkə də, illər çəkərdi. Bəs Rusiya Bəşər Əsədi niyə qorumadı? Cavab sadədir. Bu gün Rusiyanın xarici siyasəti tamamilə Ukrayna problemi üzərində cəmləşib.
Rusiya Ukraynada qalib gəlmək üçün bütün qüvvələrini səfərbər edib. Elə bir prinsipial vəziyyət formalaşıb ki, Putin iqtidarı Qərbə qarşı məğlub olmamaq və maraqlarını tam təmin etmək üçün hər şeyə hazırdır. Hətta Bəşər Əsəd kimi Yaxın Şərqdə ən güclü tərəfdaşını qurban veməyə də. Açığı, bu gün Rusiya üçün prioritet Şərqi Avropa və burada qazanacağı qələbə ilə kollektiv Qərbi məğlub etməkdir.
Bəli, Rusiya məhz bütün hərbi-texniki imkanlarını Ukraynada səfərbər etdiyi və ya gələcəkdə edəcəyi üçün Suriyada əlavə vaxt və enerji itirmək istəmədi. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatlarında da bunu görürük. Rusiya tərəfi bildirir ki, onlar yeni qurulacaq hökumət, həmçinin qələbə çalmış müxalifət ilə dialoq içindədirlər.
Rusiyanın Əsədi dəstəkləməsinə baxmayaraq, müxaliflər özləri də bu ölkəyə qarşı siyasətində Kremllə əməkdaşlıq yönündə açıqlamalar verirlər. Bu ondan xəbər verir ki, Əsədin 13 ildir qələbə qazana bilməməsi, Ukraynada düşdüyü bataqlıq Rusiyanın Əsəd siyasətini dəyişdi və onlar Əsədin devrilməsindən əvvəl müxaliflərlə razılaşıblar.
Ən hazırlıqsız görünən tərəf İrandır. Çünki qalib gələn müxalif silahlı qruplar anti-İran mövqeyi ilə seçilir. Hətta onlar İsraillə belə qarşılıqlı dialoqa maraqlı olduqlarını bildiriblər. Əvəzində Hizbullah kimi böyük qruplaşma Əsəd rejimi süqut edən kimi Suriyadan çıxdı. Beləcə İranın Yaxın Şərqdəki zəncirvari proksi qüvvələr siyasəti iflas etməyə başlayır.
Yaxşı bəs Əsəd rejiminin devrilməsi ilə kimlər qalib gəldi? Şübhəsiz, ilk sıraya Türkiyəni qoya bilərik. Prosesləri diqqətlə izlədikdə bir şey aydın görünür: ilk gündən süqut anına qədər hər şey Ankaranın nəzarətində reallaşdı.
Türkiyə dəstəkli qruplar layiqincə döyüşdülər, PKK, YPG və digər terror təşkilatlarına Əsəd rejimi qədər ağır zərbələr endirildi, terrorçular əsas şəhərlərin bir neçəsindən qovuldu. Ən əsası, Türkiyədə on ildən çoxdur ciddi daxili böhrana səbəb olan miqrant məsələsi də həllini tapmağa başlayır. Rusiya və İran bölgədə baş verən və müdaxilə eləyə bilmədikləri prosesləri Türkiyə ilə məsləhətləşirdi, baş verənlərə bir növ Ankara yön verirdi.
ABŞ və İsrail də Suriyada az, ya çox olmasından asılı olmayaraq istəklərinə çatdılar. Ən əsası, Rusiya və İran kimi dünyəvi rəqiblərinə zərbə vurublar. Hər halda artıq Suriya müharibəsi başa çatdı. İndi isə fərqli nüanslar ortaya çıxır.
Hər nə qədər Əsəd rejimi devrilsə də, Suriya bölünmüş halda qalmağa davam edir və fərqli bölgələrə fərqli qruplar nəzarət edir. Bu qruplar isə müxtəlif ölkələrdən dəstək alırlar. Sual oluna bilər ki, Suriyada sabitliyi bərpa etmək mümkün olacaqmı? Yoxsa irəlidə daha ağır qarşıdurmalar yaşana bilər?
Açığı, Suriyada milli birliyi formalaşdırmaq asan olmayacaq. Qruplar halında cəmləşən fərqli siyasi görüşlər dəstək aldıqları ölkələrin təsiri ilə fikir ayrılıqlarını aradan qaldıra bilməyəcəklər. Ən azından qısa zamanda bu mümkün görünmür.
Hətta Suriyada yenidən müharibə vəziyyəti yarana bilər. Bunu isə Əsədlə olan ilk müharibənin bitməsi fonunda “İkinci Suriya Müharibəsi” adlandıra bilərik ki, bu müharibədə artıq birbaşa xarici qüvvələrin maraqlarının toqquşmasına şahid olacağıq.
Əgər əvvəllər problem sadəcə rejim və müxalifət arasında idisə, indi əsas məsələ fərqli qruplar və onların havadarları arasında olan çəkişmə olacaq. Miqyas da artacaq, xaos da böyüyəcək…
Məsələn, Türkiyə öz təhlükəsizliyini qorumaq üçün Suriyada məskən salmış PKK və YPG terrorunun bitməsini tələb edəcək, ABŞ başda YPG olmaqla anti-türk və anti-rus qüvvələri dəstəkləyəcək. İsrail ənənəvi siyasətinə davam etdiyi zamanda İran bölgədə sarsılan maraqlarını müdafiə edə bilmək üçün daha radikal addımlar atacaq. Qərbi Avropa dövlətləri bəzisi İsrail, bəzisi ABŞ-la koordinasiyada bölgədəki maraqlarını müdafiə etməyə çalışacaq.
Ancaq görünən odur ki, Rusiya artıq əvvəlki qədər bölgədə fəallıq göstərməyəcək, buradakı maraqlarını Türkiyə ilə koordinasiya şəklində həyata keçirəcək. Beləcə Moskva Qərbə qarşı mübarizədə dəstək almaq üçün Cənubi Qafqazda olduğu kimi Ankara ilə əlaqələrini artıracaq.
Əslində, Əsədin devrilməsindən bir neçə gün əvvəl Dohada Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri arasında keçirilən Astana formatındakı görüş dediklərimizi təsdiq edir. Rusiyaya prioritet məsələ kimi qeyri-rəsmi formada Qərbə qarşı elan etdiyi savaşı qalibiyyətlə bitirməkdir. Moskvada hesablayırlar ki, Yaxın Şərq Rusiya sərhədlərindən uzaq, Şərqi Avropa isə onun sərhədidir. Hətta ruslar nostalgiyaya qapılıb Şərqi Avropaya Vətən kimi də baxa bilərlər.
Ona görə də Putin yaxşı anladığı Ərdoğan iqtidarını, ümumiyyətlə Rusiya – Türkiyə münasibətlərini ölkəsi üçün təhlükə hesab etmir, Yaxın Şərqdə yükünün artdığını görür. Kremlin bölgədə nə qədər ciddi maraqları olsa da, iki fərqli bölgədə iki qlobal savaşa eyni anda başlamağın təhlükəli olduğunu anlayır. Məhz bu səbəbdən də həm Yaxın Şərqdə tam uduzmamaq, həm də bölgəyə daha çox vaxt və enerji sərf etməmək ən uyğun variantı dəyərləndirir. Bu isə, Türkiyə ilə koordinasiyada qalmaq idi…
Sual yarana bilər ki, bu günə qədər Suriya siyasətində, həmçinin Əsədi müdafiə edərkən İranla koordinasiya şəklində hərəkət edən Moskva indi niyə Tehranı deyil, Ankaranı seçir?
Ona görə ki, İran bölgədə Suriya qədər güclü deyil, ölkə daxilində sabitlik yoxdur, milli məsələlərlə yanaşı rejim – xalq qarşıdurması İranda da var. Eyni zamanda 2025-ci ildən İran özü Co Bayden dönəmində olduğu qədər anti-türk addımlar ata bilməyəcək. Ümumiyyətlə, Tehran Donald Trampın iqtidara gəlməsindən sonra daha ciddi sınaqlarla üz-üzə qalacaq. Belə bir situasiyada Rusiyanın Yaxın Şərqdə İranla koordinasiya şəklində maraqlarını müdafiə etməsi ciddi risk ehtiva edirdi.
Kreml hər şeyi yaxşı hesabladı və ən uyğun tərəflə kompromisə getdi.
Xülasə, Suriyada Dəməşqə daxil olan müxaliflərin çox az vaxtı var. Birincisi, onlar qısa zamanda mərkəzi hakimiyyəti formalaşdırmalı və möhkəmləndirməlidirlər. İkincisi, Suriyada dinindən, məzhəbindən və irqindən asılı olmayaraq, bütün silahlı qruplarla dil tapmalıdırlar. İlk şərt müəyyən qədər mümkün görünsə də, Suriyadakı bütün silahlı qrupları eyni çətir altına toplamaq mümkün olacaqmı?
Bax bu, indi cavabının tapılması gərəkli əsas sualdır.
Ona görə ki, Suriya müxalifəti indi Türkiyə, ABŞ, İran, Rusiya, Qərb, İsrail kimi bir-biri ilə ziddiyyətlər içində olan bütün tərəflərlə eyni anda danışmalı, hamısı ilə ortaq mövqe formalaşdırmalıdırlar.
Düşünə bilirsinizmi, bu nə qədər çətindir…