Tahir Salahovun ev-muzeyində “Arts Council Azerbaijan” təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə həyata keçirdiyi “START” layihəsi çərçivəsində sərgi təşkil edilib.
”Füyuzat” xəbər verir ki, layihənin əsas məqsədi iştirakçıların yaradıcılıq potensialını üzə çıxarmaq, onların peşəkar inkişafını təmin etmək və incəsənət mühitinə inteqrasiyasını asanlaşdırmaqdır.
Tədbiri “Arts Council Azerbaijan”ın təsisçisi Dadaş Məmmədov açaraq layihənin məqsəd və imkanları haqqında ətraflı məlumat verib, sərginin keçirilməsinə imkan yaratdığı üçün Tahir Salahovun ev-muzeyinə, layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təşəkkürünü bildirib.
Layihənin prioritetləri arasında gənclərin incəsənətin təbliğində rolunun artırılması, yaradıcılıq təşəbbüslərinin stimullaşdırılması və müasir incəsənət proseslərinə aktiv cəlb olunması üçün şərait yaradılması da yer alır.
Sərgidə təqdim olunan əsərlər janr və üslub müxtəlifliyi ilə seçilib. Bu çoxşaxəlilik gənc müəlliflərin yaradıcılıq azadlığını, fərdi bədii dil axtarışlarını və yeni özünüifadə yollarını göstərib.








