Xəbərlər

“TALE ŞAİRİ: MƏMMƏD İSMAYIL” kitabının təqdimatı baş tutub

Bu gün Azərbaycan Milli Kitabxanasında yazıçı, ssenarist Turan Uğurun müəllifi olduğu “TALE ŞAİRİ: MƏMMƏD İSMAYIL” kitabının təqdimatı baş tutub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, MİMTA Fondu və Mirzə Fətəli Axundov adına Milli kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ədəbiyyat və media nümayəndələri, Məmməd İsmayılın qələm dostları və yaxınları iştirak ediblər.

Tədbirdə çıxış edən professor Qəzənfər Paşayev, şairin qızı İntizar İsmayıl, Milli Məclisin deputatı, yazıçı Sabir Rüstəmxalı, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Maarifli və digərləri Məmməd İsmayılın alim və şair kimi müstəsna şəxsiyyətindən, onun müasir ədəbiyyatımızdakı yerindən bəhs ediblər.

Qeyd edək ki, kitab MİMTA Yayımları tərəfindən nəşr edilib. Xatirə-roman janrında yazılan əsərdə şair Məmməd İsmayılın xatirələri, linqvistik təhlilləri və ədəbi qənaətləri, ümimiyyətlə, bədii-fəlsəfi baxışları yer alır.