16 avqust, 1925-ci il. Ana dilinin tükənməz xəzinə olduğunu bizə xatırladan, söz sandığında ən dəyərli sədəflər olan Bəxtiyar Vahabzadənin doğum günü. Bu söz sandığında sandığımızdan dərin, müqəddəs duyğular yer alır. Ana dilinin saflığı ilə bərabər, anaların varlığının ən böyük varımız olduğunu hiss etdirir onun misraları. Və bu misraların qanadında bir qız “anasının mətbəx qeydləri” ilə keçmişə qayıdır…
Bir yay axşamı. Mətbəxdə bir melodiya səslənir. Qızın anası da həmin melodiyanın sözlərini həzin bir səslə təkrarlayır. Bir neçə gün sonra həmin qızın bəlkə də bütün həyat yolunu dəyişəcək imtahanı olacaq. Onun həyəcanını duyan anası mahnıdakı sözləri bir də təkrarlayıb deyir:
– “Bu qədər dözmüşük
Dözək bir az da….” Hər şey yaxşı olacaq, qızım. “Taleyin uğruna verilən diləkdir” bu. Amma o gülməsə belə, sən gül.
Onda “səadət göyərdən” həmin dözüm illər sonra o qızı güldürəni bu dünyadan aparır…
“Taleyin uğruna verilən dilək” misraları əslində, həm də sevgi gizlənir. Bəzən ən böyük sevgilərin də canı həmin diləkdən asılı olur. Bizim bir addımlığımızda olsa da, ona çata, əlindən tuta bilmirik:
“Kölgəm qədər yaxınsan,
Ancaq tuta bilmirəm.
“Unut” demək asandır,
Mən unuda bilmirəm…”
Bəlkə də, onun sirli dünyasından baş aça bilmirik deyə uzaq düşürük:
“Gecə kimi fikirli,
Gündüz kimi şən, gülüm…”
Ancaq sevgini zamana təslim edib taleyinə uğruna versək belə, ruhumuzdan qopmur o:
“Öz eşqimdən, diləyimdən
Ayrı düşdüm illərlə mən
Amma səndən ayrı gəzən
Ürək deyil, bədən oldu”.
Və bir gün “Bir salama dəyməyən” eşqdən uzaq düşüb ruhumuzu duyana qovuşuruq:
“Qoşa simin titrəməsi,
Biri sənsən, biri mən.
Bir pərdənin iki səsi,
Biri sənsən, biri mən”.
Həmin sevginin böyüklüyünü isə onun hər anımızda bizimlə olmasından duyuruq:
“Bil yaman gündə də, yaxşı gündə də,
İstərəm qovuşam, mən yetəm sənə.
Gözüm gözlərinə dikilən də
Həsrətəm, həsrətəm, həsrətəm sənə”.
“Taleyin uğruna verilən dilək”dən ürəyə yol tapır bu sevgi. Qəlbi və ruhu ilə zamanın sınağından qalib çıxaraq bütün cəsarəti ilə bizə deyir:
“Bütün arzularına
Zirvə mənəm, son mənəm
Vüqarı neyləyirsən?!
Sənin vüqarın mənəm”.



