Mari Küri 7 noyabr 1867-ci ildə Polşanın Varşava şəhərində anadan olub. Əsl adı Maria Sklodovska idi. O dövrdə qadınların elm sahəsində təhsil alması çox çətin idi, amma o bu maneələri aşaraq öz arzularının arxasınca getməyi bacardı. Daha sonra Fransaya köçərək Sorbonna Universitetində fizika və riyaziyyat üzrə təhsil aldı. Elə orada həyat yoldaşı və elmi tərəfdaşı olacaq Pierre Küri ilə tanış oldu.
Mari və Pierre birlikdə radiasiya təhlükəsi üzərində araşdırmalar apardılar və bu sahədə inqilabi kəşflərə imza atdılar. Mari Küri 1898-ci ildə iki yeni kimyəvi element –polonium və radiumu kəşf etdi. Bu maddələrdən birinə verilən polonium adını vətəni Polşaya ithaf etmişdi.
O, radiasiyanın tibdə istifadəsi və xərçəng xəstəliyinin müalicəsində tətbiqinə yol açdı. Araşdırmaları sayəsində radiologiya və nüvə fizikası kimi sahələr formalaşmağa başladı.
Mari Küri elm tarixində iki fərqli sahədə Nobel mükafatı alan ilk və tək qadın olaraq tanınır.
O, ilk dəfə 1903-cü ildə Pierre Küri ilə birlikdə Fizika üzrə Nobel mükafatı alıb. Onlar birgə radioaktivliyin təbiətini araşdırıblar. Radioaktivliyin ölçülməsi, təsnifatı və yeni maddələrin ayrılması ilə bağlı məsələlər üzərində işləyiblər.
Daha sonra isə 1911-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülüb. O, radiumun fiziki və kimyəvi xüsusiyyətlərini təhlil edib, onun çəkisi, radiasiya gücü, və digər elementlərə təsirini öyrənib. Mari Küri minlərlə kiloqram filizdən çox kiçik miqdarda saf radium ayırmaq üçün illərlə laboratoriyada çalışıb. Onun tətbiqləri ilə əldə olunan radium uzun müddət tədqiqatlar üçün əsas nümunə olub.
Bu mükafatlar onun elmə nə qədər böyük töhfə verdiyini bir daha sübut edir.
Təəssüf ki, o dövrdə radiasiyanın zərərləri tam şəkildə bilinmirdi və Mari Küri uzun illər qoruyucu vasitə olmadan radiasiya ilə işləyir, onu üzərində gəzdirirdi. Gecə-gündüz demədən birlikdə yaşadığı və radiasiyadan müdafiə olunmaq üçün heç bir tədbir görmədiyi element ona xəyanət edir. Radioaktiv maddə olan, zəif mavi işıq saçan kiçik ampula hər zaman Mariyanın əlində, gah da boynunda asılı olarmış. Məhz bu kəşfi də Mariyanın ölümünə səbəb olur.
Bu səbəbdən o, 1934-cü ildə hədsiz dərəcədə radiasiyaya məruz qalır. O, Fransadakı ən yaxşı sanatoriyalarda müalicə olunmaq üçün göndərilsə də heç bir fayda vermir. Uzun illər üstündə gəzdirdiyi radium onun qan xərçənginə yaxalanmasına səbəb olur. Və xəstəliyinin məlum olduğu vaxtdan az müddət sonra 1934-cü il iyunun 4-də Mariya Küri əbədiyyən dünyaya gözünü yumur.
Mari Küri adı bu gün bir çox universitet, tədqiqat institutu və elm mükafatlarında yaşamağa davam edir.
Ləman Vahid



