Füyuzat 145

Tariximizdə Sultanovlar izi

Qarabağın tanınmış və köklü nəsillərindən biri də Sultanovlardır. Onlar XVIII əsrdən Qarabağın Hacısamlı nahiyəsinin Qasımuşağı obasında yaşayıblar. Dövlət adamları, ictimai xadimlər, döyüşçü və ziyalılardan ibarət bu nəslin nümayəndələri onun tarixi missiyasını və mənəvi ucalığını ifadə edir.

Bu görkəmli şəxsiyyətlərdən biri Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin baş müvəkkili, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, daha sonra kənd təsərrüfatı və dövlət əmlakı naziri, Qarabağın general-qubernatoru doktor Xosrov Paşa bəy Sultanovdur.

Azərbaycanın xalq qəhrəmanı, Zəngəzur Milli Polis Dəstəsinin rəisi, erməni terrorçularının qənimi Sultan bəy Sultanov və İttihad Partiyasının Təbriz komitəsinin rəhbəri, Güney Azərbaycanda mühacirlərin partizan dəstəsinin rəisi İsgəndər bəy Sultanov (Paşa bəy oğlu) da bu nəslin parlaq nümayəndələri arasındadırlar.

Sultanovların mübarizliyi onlara əcdadlarından qalmış mirasdır. Bu nəslin nümayəndələrində müşahidə olunan döyüşkənlik, müdriklik, alicənablıq, xeyirxahlıq, vətənpərvərlik və xalqa bağlılıq kimi xüsusiyyətlər Sultanovların atası Əlipaşa bəy Sultanovun xarakteri idi. Əlipaşa bəy Sultanov (qısaca Paşa bəy) 1843-cü ildə Zəngəzurun Hacısamlı mahalının Qasımuşağı obasında dünyaya gəlmişdir (Əhmədli, 2022).

Sultanovlar ulu babaları Nəbi oğlu Xıdırın adı ilə əlaqədar Qasımuşağı obasının Nəbioğlu nəslinin Xıdırlar qoluna mənsubdurlar. Mahalın tanınmış mülkədarlarından olan Paşa bəyin atası Xıdır oğlu Xanmurad bəy zəhməti ilə yaratdığı böyük təsərrüfata sahib idi. Zəngəzur nahiyəsi bəylərinin 1863-cü il siyahısında Qasımuşağı obasının Qurdqacı kəndindən 20 yaşlı Paşa bəyin adı qeyd olunub (ARDTA, F.10, s.1, s.v.135 ).

Paşa bəy bəyliyini kağız üzərində deyil, qanı, canı bahasına döyüş meydanında təsdiqləmişdi. 1905–1906-cı illərdə erməni quldur dəstələri müsəlman kəndlərinə hücum edərək xüsusi amansızlıqla qətliam törətdikləri zaman Paşa bəy könüllülər dəstəsi ilə xalqın köməyinə çataraq bir çox qırğının və bölgədə baş verə biləcək daha böyük soyqırımının qarşısını alıb.

Sultanovlar yalnız döyüş meydanında deyil, elm və təhsil yolunda da ön sıralarda yer alıb, həm silahla, həm də qələmlə millətinə xidmət edən nüfuzlu nəsillərdən biri kimi tarixə həkk olunublar. Beş xarici dil bilən Xosrov bəy təhsil aldığı dövrdə Gəncə Kişi Gimnaziyasını qızıl medalla bitirən yeganə azərbaycanlı olub (ARDTA, F.319, s.4, s.v.2090) və Xarkov Universitetində, daha sonra Novorossiya Universitetində tibb təhsili alıb.

Bu nəslin ziyalıları sırasında Azərbaycanın ilk qadın pedaqoqlarından biri (Səfərov, 2024) fəlsəfə elmləri doktoru, repressiya qurbanı Leyla xanım Sultanovanın, Azərbaycanın ilk mühəndis-texnoloqlarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin hökumət zavodları müdiri, “Azneft”in mühəndisi, repressiya qurbanı Rüstəm bəy Sultanovun və Bakının azad edilməsi uğrunda Qafqaz İslam Ordusu ilə birgə döyüşmüş, 1919-cu ildə Qarabağın general-qubernatorunun yavəri olmuş, ermənilərlə döyüşdə sol gözünü qurban vermiş, Osmanlının “Məcidiyyə” ordeni ilə təltif edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə Berlin Texniki Universitetində ali təhsil almış, repressiya qurbanı, mühəndis İsgəndər bəy Sultanovun (Rüstəm bəy oğlu) adlarını xüsusən qeyd etmək lazımdır (Mərdanov & Tahirzadə, 2022). Sultanovlar Zəngəzurda ilk genişmiqyaslı ticarətin, köklü iqtisadiyyatın təməlini qoyanlardandırlar. Onlar böyük fermer təsərrüfatı qurmaqla Avropadan cins mal-davar gətirib Zəngəzur yaylaqlarında saxlayırdılar. Daha sonra işi təkmilləşdirib yeni iribuynuzlu heyvan cinsi yetişdirmişdilər. Bu yeni cins Hacısamlı bölgəsinin adı ilə “Hacısamlı cinsi” adlandırılıb. Sultanovlar bu işi o qədər inkişaf etdirmişdilər ki, təsərrüfat indiki Laçın rayonunun böyük ərazisini, neçə-neçə kənd və yaylağı əhatə edirdi. Hətta onlar kənddə süd emalı zavodu tikdirib yaylaqdan bu zavoda saxsı boru xətti çəkdirmişdilər. Yaylaqda heyvanlardan əldə edilmiş süd bu boru xətti vasitəsilə zavoda çatdırılaraq emal edilirdi…

Toğrul Mahmudlu

Davamı…