Xəbərlər

Tariximizin bərpası – Qarabağ universiteti

Böyük bir tarixin, viran edilmiş doğma torpaqlarımızın geri alınmasından sonra ümidin, elmin və gələcəyin simasına çevrilən Qarabağ Universiteti. Bu universitet yalnız ali təhsil ocağı deyil, eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bilik və mədəniyyətin, dirçəliş və yenidənqurmanın bərpası, intibahın rəmzidir.

Universitet Azərbaycanın dilbər guşələrindən biri olan Xankəndi şəhərində yerləşir. Onun yaradılması Qarabağın yalnız fiziki deyil, elmi və mənəvi qayıdışının da təntənəsidir.

Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılmışdır.

Universitetin təməlində dayanan təhsil ənənəsi 1969-cu ilə gedib çıxır. O dövrdə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi Xankəndidə fəaliyyətə başlayan bu təhsil ocağı, 1973–1988-ci illər arasında müstəqil institut statusu ilə fəaliyyət göstərmişdi. Lakin 1988-ci ildə baş verən hadisələr səbəbindən bağlanmışdı. İllər sonra, işğaldan azad olunmuş bu torpaqlarda universitetin yenidən yaradılması, yarımçıq qalmış bir tarixin tamamlanması oldu.

Qarabağ Universitetinin yaradılması, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması və dayanıqlı inkişafının təmin edilməsi üzrə Dövlət Proqramı çərçivəsində atılmış strateji və simvolik addımdır.

Universitetin məqsədlərindən biri regionun sosial-iqtisadi ehtiyaclarını ödəmək, yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək, tarixi ali təhsil ənənələri bərpa etmək, yerli gənclərin təhsilə əlçatanlığının artırmaqdır. Lakin bu istiqamətdə bəzi çətinliklər var. Tələbələrin yaşayış şəraiti, nəqliyyat, sosial təminat məsələləri, müəllim heyətinin seçilməsi və yerli mütəxəssislərin cəlbi və s. kimi məsələlər bunlara misal ola bilər.

Regionun iqtisadi imkanları ilə ali təhsil xərcləri arasında balansın yaradılması — dövlətin maliyyə təminatı, büdcə aktları, dövlət‑xəzinə dəstəyi kritik rol oynayır.

Universitetin ilk fəaliyyət ilində aşağıdakı fakültə və ixtisaslar nəzərdə tutulub:

Pedaqoji məktəb (fakültə), iqtisadiyyat fakültəsi, humanitar və sosial elmlər fakültəsi, mühəndislik fakültəsi, incəsənət fakültəsi, turizm fakültəsi.

İxtisaslara isə aşağıdakıları nümunə göstərə bilərik:

İbtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial‑psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi, şəhərsalma, inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarəedilməsi, iqtisadiyyat, maliyyə marketinq, menecment, mühasibat, turizm işinin təşkili, turizm bələdçiliyi.

Universitetə qəbul zamanı ilk mərhələdə təxminən 1200 tələbə nəzərdə tutulub, hansı ki, bu tələbələrin hamısının təhsili ödənişsiz olacaq.

Universitet tədris binası, yataqxana, idman obyektləri və digər lazımi qurğular ilə təchiz olunub.

Gələcəkdə burada tibb fakültəsinin, həmçinin tibb bacısı ixtisasının açılması planlaşdırılır. Mövcud fakültələrdə isə ixtisasların genişləndirilməsi nəzərdə tutulur. Məsələn, müəllimlik ixtisaslarına yeni sahələr (kimya, biologiya, fizika, coğrafiya müəllimliyi və s.) əlavə edilə bilər.

Qarabağ Universiteti “yaşıl kampus” modeli ilə qurulur – yəni ekoloji baxımdan dayanıqlı və enerji baxımından səmərəli tədris mühiti yaradılır. Gələcəkdə Türkiyə və digər dost ölkələrin universitetləri ilə akademik əməkdaşlıqlar qurulması istiqamətində danışıqlar aparılır.

Qarabağ Universiteti yalnız ali təhsil müəssisəsi deyil, bura Azərbaycanın azadlıq hekayəsinin, mədəniyyət və elmi ənənələrinin yaşadığı, gələcəyin qurulduğu bir məhəllədir.

Qarabağ Universiteti tarixdə təkcə ali məktəb kimi deyil, bərpa olunan milli yaddaşın, elmi intibahın və torpağa qayıdışın simvolu kimi xatırlanacaq.

Ləman Vahid