Tbilisidə etirazçılar hökumət əleyhinə növbəti mitinq üçün parlament binasına çıxıb.
“Füyuzat”ın məlumatına görə, onlar Gürcüstan və Avropa İttifaqı (Aİ) bayraqları, eləcə də hakimiyyəti istefaya çağıran plakatlar qaldırıblar.
Artıq Rustaveli prospekti bağlanıb. Mitinq hələlik insidentsiz davam edir.
Mitinqə bir neçə saat qalmış polis müxalifət partiya və təşkilatlarının ofislərində axtarışlar aparıb. Reydlər zamanı bir neçə müxalifətçi saxlanılıb.
Noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Buna səbəb Baş nazir İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək və icmadan bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Hökumət başçısının sözlərinə görə, buna səbəb icmaya qoşulmaq üçün dialoqun başlanması ilə bağlı Aİ-nin daimi şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğvi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.