Əziz oxucu, sizə böyük məmnuniyyətlə ali bir kitabdan bəhs edəcəyik. Bu alilik nə kitabın universitet auditoriyalarına xitab etməsindən, nə də müəlliflərlə həmkar münasibətlərdən irəli gəlir. Ən ali məziyyət, əsas qayə ondadır ki, ərsəyə gələn dərsliyin hər bir səhifəsi iki qəlbin və iki beynin birgə əməyinin bəhrəsidir. Hər fikir, hər hiss iki yaradıcı ruhun harmoniyasından doğur. Əsas da bizim yaxşı tanıdığımız müəlliflər yüksək ləyaqət və mənəvi məsuliyyət hisslərinə sahibdirlər. Onların fəaliyyətində milli-mənəvi dəyərlərin təbliği, həm də tədrisə sirayət edir.
İndi isə bir məqamı oxucularla bölüşməyi zəruri hesab edirik. İllər öncə türkiyəli yazıçı və jurnalist Güngör Urasın “Kitab oxumağa vaxtınız yoxdursa” adlı yazısı müasir insanın oxuma vərdişlərinə tənqidi yanaşması ilə diqqət çəkirdi. O bildirirdi ki, kitab oxuma vərdişini formalaşdırmadan nə mənəvi inkişafa çatmaq, nə də texnologiya əsrinin sürətli dəyişikliklərinə uyğunlaşmaq mümkündür.
Tarix də bizə bunu sübut edir və sual doğurur: bəşəriyyətin inkişafında dönüş nöqtəsi məhz yazının yaranması və ilk çap maşınının ixtirası ilə başlamadımı? Yazı düşüncəni əbədiləşdirdi, çap isə bu düşüncəni irqindən, cinsindən asılı olmayaraq dünyaya yaydı. Beləliklə, yazı və çap insanı formalaşdırdı, dünyanı dəyişdirdi və fərdlər arasında mənəvi bir körpü yaratdı. Şübhəsiz, bundan sonra da birliyə və tərəqqiyə nail olmaq üçün qiymətli kitablara borcluyuq.
Belə kitablardan biri də yazının əvvəlində ipucu verdiyimiz “Radioda praktiki iş” adlı dərs vəsaitidir. Kitab həm də radio tədrisində peşəkarlığın bələdçisidir. “Füyuzat” mətbəəsində çap olunan dərsliyin həmmüəllifləri – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Multimedia və Elektron Kommunikasiya kafedrasının müəllimləri Sevil Həsənova və Sevinc Məmmədovadır. Dərs vəsaitinin elmi redaktoru professor, həmin kafedranın müdiri Qulu Məhərrəmlidir.
Kitaba rəy verənlər sırasında görkəmli media mütəxəssisləri yer alır: professor, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, professor Allahverdi Məmmədli, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rafiq Həşimov, həmçinin ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının dosenti Gülşən Qafarova.
Kitabın annotasiyasında müəlliflər qeyd edirlər ki: “Dərs vəsaiti Jurnalistika fakültəsinin müəllim və tələbələri üçün nəzərdə tutulub”. Radio həm də insanları birləşdirən, düşüncə və fikirləri geniş kütlələrə çatdıran mühüm vasitədir. O, təkcə informasiya ötürmək funksiyasını daşımır, habelə mədəni və sosial baxımdan cəmiyyətin həyatında mühüm rol oynayır. Bu mənada sirli-sehrli radionun özü qədər tarixi də, onun nəzəri tərəfləri də maraqlı və faydalıdır.
Bir zamanlar radio dalğalarında səslənən hər bir söz sadəcə səs deyildi – o, insan ruhunun, düşüncəsinin və hisslərinin səmavi bir təcəssümünə çevrilirdi. Bu səsi, bu ruhu dinləyiciyə çatdıranlar isə fədakarlığı, istedadı və millətə sevgisi ilə seçilən böyük şəxsiyyətlər idi. Azərbaycan mədəniyyətinin parlaq simaları – Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun və digər sənətkarlar sözün və musiqinin gücü ilə xalqın qəlbində silinməz izlər qoymuşdular. Onların yaratdığı bu mənəvi miras radionu sadəcə texniki vasitə deyil, milli yaddaşın və ruhun daşıyıcısına çevirdi.
Bu mənada radio cəmiyyət üçün təkcə informasiya platforması deyil, həm də mənəvi yaddaşın, mədəni kimliyin qoruyucusudur, desək, yanılmarıq. Fransız sosioloqu Emil Dürkheym yazırdı: “Cəmiyyət təkcə fərdlərin cəmi deyil, o, fərdlərin üzərində dayanan mənəvi və sosial reallıqdır”. Cəmiyyətin inkişafı onun mənəvi dayaqlarının möhkəmliyindən asılıdır. F.Dostoyevskinin sözləri ilə desək, əxlaqi başlanğıclarla formalaşan cəmiyyətlərdə mənəviyyatın rolu danılmazdır.
Bu kontekstdə radionun və ümumilikdə kütləvi informasiya vasitələrinin mənəvi gücü və ictimai çəkisi böyük əhəmiyyət daşıyır. Həm Dürkheym, həm də Dostoyevski kimi mütəfəkkirlər eyni məqama işarə edirlər: cəmiyyətin davamlı inkişafı onun mənəvi və əxlaqi sütunlarının möhkəmliyindən asılıdır. Bu sütunlardan biri də, heç şübhəsiz, radionun ictimai nüfuzu və mənəvi gücüdür.
Təəssüf ki, zaman keçdikcə səsin rəngi, sözün dəyəri, insanın dünyanı duyma tərzi belə dəyişib. Texnoloji inkişaf həyatımıza yenilik və rahatlıq gətirsə də, bəzən keçmişin səmimiyyətini arxada qoyur. Bununla belə, müasir dövrdə – internet və rəqəmsal yayım çağında radio öz aktuallığını və mənəvi missiyasını qorumağa davam edir. Radio bu gün də informasiya savaşında milli təhlükəsizliyin qorunmasına xidmət edir, cəmiyyəti manipulyativ məlumatlardan müdafiə edir və düzgün istiqamətə yönləndirir.
Bu mənada kitabın müəlliflərinin məsuliyyəti və zəhməti bir daha ön plana çıxır. Dərs vəsaitinin həm Azərbaycan, həm də rus bölmələri üçün yazılması da təsadüfi deyil. “Jurnalistlərin peşəkar hazırlığında kursun yeri” adlı bölmədə belə qeyd olunur: “Bu gün jurnalistlərin hazırlanması prosesi aktiv şəkildə inkişaf etməkdədir ki, bu da media sənayesi və bütövlükdə cəmiyyətdə baş verən dəyişiklikləri əks etdirir”.
Kitabda “Media sistemində radionun yeri”, “Radionun yaradıcı və texniki bazası”, “Radionun idarə olunması və strukturu”, “Proqram layihələrinin yaradılması və həyata keçirilməsi” kimi mövzular diqqəti cəlb edir. Maraqlı bölmələrdən biri də “PR və marketinqin nəzəriyyəsi və təcrübəsi”dir. Müəlliflər burada belə yazırlar: “Radioda marketinq və PR departamenti auditoriyanın cəlb edilməsi və saxlanması, habelə radiokanalın irəlilədilməsi baxımından vacib rol oynayır”.
Rus bölməsi üçün nəzərdə tutulan “Практическая работа на радио” hissəsində isə müasir tendensiyalar – “Нью медиа, радио и веб” mövzusu işıqlandırılır: “Сегодня основным пользователем социальных сетей, где визуальность на первом месте, является молодежь. С этой точки зрения у визуального радио больше возможностей для взаимодействия с аудиторией”.
Bütün bunlar göstərir ki, müasir medianın sürətli inkişafı gənclərin informasiya istehlakı vərdişlərini köklü şəkildə dəyişib. Bu dəyişiklik fonunda müəlliflərin üzərinə düşən məsuliyyət və əməyin böyüklüyü daha aydın görünür.
Göründüyü kimi, “Radioda praktiki iş” dərs vəsaiti yalnız bir tədris mənbəyi deyil, həm də milli mənəviyyat, peşəkarlıq və yaradıcı düşüncənin harmoniyasını əks etdirən dəyərli bir əsərdir. Bu kitab radionun səsini yenidən mənəviyyatla birləşdirir, gənc jurnalistlərə həm bilik, həm də ruh aşılayır.
Qərənfil Dünyaminqızı
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin professoru
Əsgər İsmayılov
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin məzunu



