Ədəbiyyat Xəbərlər

Təhsilin əsl mənası

ABŞ-də yaşayan əfqanəsilli roman yazıçısı və xeyriyyəçi Xalid Hüseyni “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, və “Dağlardan səda gəldi” kimi romanları ilə milyonların sevimli yazıçısına çevrilmişdir. Əsərlərində ağrılı insan taleləri, ailə bağları, dostluq, çətinliklər qarşısında insanın dayanıqlılığı və s. kimi mövzuları Əfqanıstanın tarixi və mədəni arxa planından və müharibə şəraitindən istifadə edərək anladır.

Xalid Hüseyni nitqinə önəmli bir sualla başlayır: “Sizcə, təhsilin məqsədi nədir?” O, məzunlara öyrənmənin və təhsilin əsl mənasından danışarkən onu “dəyişmək” olaraq ifadə edir. Məzunlara öyrəndiklərini dəyərləndirməyin ən yaxşı yolunun istedadlarından və bacarıqlarından dünyanı daha yaxşı bir yer halına gətirmək üçün istifadə etmək olduğunu bildirərkən eyni zamanda roman oxumağın həyat dəyişdirən rolundan bəhs edir.

Təhsilin əsl mənası

Vanderbilt Universiteti, 2010.

Nitqimə bir sualla başlamaq istəyirəm: Sizcə, təhsilin məqsədi nədir? Niyə təhsil alırıq? Niyə institutlar bu qədər əziyyət çəkir və pul xərcləyir? Niyə onlar enerjilərini kolleclər və universitetlər tikməyə, ən yaxşı, ən parlaq beyinləri cəlb etməyə və bacardıqları qədər yaxşı öyrətməyə sərf edirlər? Niyə siz tələbələr universitetə qəbul olmaq üçün illərlə çalışır, təhsil haqqı ödəyir, gəncliyinizin dörd ilini burada keçirirsiniz?

Bəlkə də, deyərsiniz: “Yaxşı təhsil daha böyük fürsətlərə, uğura və rifaha aparan yoldur. Təhsil prosesində lazımi bacarıqlar əldə edirəm. Təcrübəmi və biliyimi təsdiqləyən diplom alıram”.

Bəs biz necə? Bizim üçün burada nə var? Niyə öyrətməliyik? Niyə bitirdiyimiz məktəblərə ianə verməliyik? Niyə məzunlara mentorluq etməliyik? Çünki universitetlər və onların məzunları cəmiyyətimizin çox önəmli hissəsidir. Bu gün öyrənən sabah işləməyə başlayacaq və öz ambisiyalarını həyata keçirəcək. Buna görə də ən yaxşı düşünən və ən yaxşı öyrənən vətəndaşlarımızı dəstəkləmək hamımızın marağındadır.

Mən öz təhsilimi və bu prosesdə mənə dəstək olan, bu gün olduğum insana çevrilməyimdə və əldə etdiklərimdə payı olan saysız insanları düşünürəm. Buna görə cəmiyyətə borcum olduğunu dərk edirəm. Başqa sözlə, biz bir cəmiyyət olaraq təhsili, öyrənmə prosesini dəyərləndirir və ona hörmət edirik.

Öyrənmənin nə olduğu haqqında bir az danışmaq istərdim. Mənim fikrimcə, öyrənmə dəyişiklikdir. Bu onsuz da bildiklərimizin təkrarı və ya yenidən ifadəsi deyil. Öyrənmə yeni bir şeyin sanki vəhy kimi üzə çıxdığı anlarda baş verir. Qəflətən baş verir. Bu bildiyiniz və ya bildiyinizi düşündüyünüz şeylərin təsdiqi deyil, onlara meydan oxumasıdır. Bu, ətrafınızdakı dünyanın yenidən xəritələnməsidir.

Özü də həmişə asan olmur, hətta narahatlıq, bəzən qəzəb də yarada bilər. Amma əsas odur ki, o həmişə sizi düşünməyə vadar edir.

Siz şanslısınız ki, bu cür anlarla və çağırışlarla üzləşəndə onları idarə etməkdə sizə kömək edən bir dəstək sisteminiz olub. Amma bu bitmir və hara getsəniz, bu çağırışlar sizi tapacaq. Təhsilinizin əsl sınağı bu çağırışlarla təkbaşına necə qarşılaşacağınızdır.

Sizə bürqə ilə bağlı bir nümunə verəcəyəm. Bürqə Əfqanıstana dünya mediasının diqqətini cəlb etmiş, qadınların bütün bədənini örtən geyim növü, çadradır. Qərbdə bürqə qadın zülmünün tanış və ikonik simvoluna çevrilib. Bir neçə il əvvəl bir xanım rəfiqim Əfqanıstandan qayıtdı. O, əfqan qadınlara köməyi dəyəcək qeyri-kommersiya təşkilatı qurmaq məqsədilə ora getmişdi. Getməzdən əvvəl bürqəyə qarşı çox güclü, instinktiv reaksiyası olduğunu söylədi – onun nəzərində bürqə Əfqanıstandakı qadınların vəziyyətində yanlış və narahatedici olan hər şeyin simvolu idi. Bunu Əfqanıstanda sosial dəyişikliyin barometri kimi görürdü və qadınların vəziyyəti yaxşılaşdıqca bürqələrin çıxarılacağını düşünürdü.

Amma xanım orada yaşadıqca tədricən anlamağa başladı ki, Qərbdə bürqəyə göstərilən diqqətin Əfqanıstanın özündə real əhəmiyyəti çox azdır. Əslində, bürqə bir çox əfqan qadınlarından daha çox onun özü üçün əhəmiyyətli idi. Xanım tanış olduğu qadınların çoxundan ötrü bürqənin çıxarılmasının əsas məsələ olmadığını anladı. Onların başqa prioritetləri, daha vacib narahatlıqları vardı. Onlar bürqədən daha çox yemək, sığınacaq, təmiz su, təhsil və səhiyyə hayında idilər, həm də bürqəli qadınların çoxu açıqfikirli, güclü, bacarıqlı və qətiyyətli idilər. Beləliklə, o anlamağa başladı ki, bir qadının bürqəyə bürünməsi onun mütləq öz gələcəyinin formalaşmasında fəal iştirakçı olmadığı anlamına gəlmir. Bunu qəbul etmək əvvəlcə asan olmamışdı, çünki bu, xanımın əvvəlcədən formalaşmış fikirlərinə meydan oxuyurdu. Lakin o bu çağırışa və dünyagörüşündəki dəyişikliyə anlayışlı yanaşdı. Mənim üçün öyrənmə budur.

Bu sizin də başınıza gələcək. Bu cür anlar istər-istəməz qarşınıza çıxacaq. Çünki biz indi əvvəlkindən daha kiçik bir dünyada yaşayırıq. Texnologiya bizi digər insanlara, ölkələrə və mədəniyyətlərə keçmişdə olduğundan daha sıx bağlayıb. Əgər kiçik bir icma ilə kifayətlənən, şam süfrəsində siyasət haqda danışmaqdan çəkinən, yalnız sizinlə eyni fikirdə olan nəşrləri oxuyan birisinizsə belə, yeni düşüncələr və yeni perspektivlər yenə sizi tapacaq. Başqa heç bir seçiminiz yoxdur.

Lakin bu çağırışlara necə cavab verəcəyiniz sizin seçiminizdir. Və bu, əhəmiyyətsiz bir məsələ deyil. Ən asan yol özünüz və dünya haqqında inanclarınızla ziddiyyət təşkil edən faktları və hissləri rədd etməkdir. Çünki biz insanlar və hadisələr haqqında bir hekayə qurmaq üçün çox vaxt sərf edirik və bu hekayəyə zidd bir şey baş verdikdə geri qayıdıb onu sıfırdan başlayaraq yenidən yazmaq çətin görünə bilər. Düşünə bilərsiniz ki, məzun olduğunuz gündür və artıq düşüncə və təcrübələrinizi, inanclarınızı daşa həkk etməyin məqamıdır. Mən isə əksini iddia edərdim: əslində, bu, inanclarınızı sınamağın vaxtıdır.

Bu divarları tərk edərkən öyrəndiklərinizi qiymətləndirməyin ən yaxşı yolu bacarıqlarınızdan dünyanı daha yaxşı bir yerə çevirmək üçün istifadə etməkdir. Çünki öz dünyanızın ölçüsünü siz müəyyən edirsiniz. O yalnız sizdən, ailənizdən, məktəbinizdən, ölkənizdən ibarət ola bilər. Yaxud sizin kimi görünən və ya sizin kimi düşünən, eyni maraqları və ya eyni çətinliyi bölüşən insanlardan. Halbuki o daha geniş ola bilər. Və mən sizi bütün ömrünüz boyu biliyinizi genişləndirdiyiniz kimi icmanızı da genişləndirməyə çağırıram.

Bir icma sadəcə eyni baxışları bölüşən bir qrup insan deyil. İcma mürəkkəb bir orqanizmdir və çiçəklənmək üçün müxtəlif insanlara, müxtəlif baxışlara ehtiyacı var. Tam bir icmanın həm əlləri, həm də ağılları ilə işləyənlərə ehtiyacı var. Təcrübə üçün yaşlılara, yenilik üçün gənclərə ehtiyacı var. Ehtiyatlılara və cəsurlara, qadınlara və kişilərə, tərəfdarlara və tənqidçilərə ehtiyacı var. Amma, ən əsası, həmin icma öz üzvlərini tanımalı, qəbul etməli və onlara qayğı göstərməlidir.

Bəzən bir icmada ən çox ehtiyacı olanları görmək çox çətindir. Bir deyimdəki kimi: “Ən az qışqıranlar ən çox əziyyət çəkənlərdir”. Ona görə sizdən çətin bir şey xahiş edəcəyəm: icmanızdakı dəstəyə ehtiyac duyanları axtarıb tapmağınızı və təkcə onları anlamağa deyil, həm də onlara kömək etməyinizi və bu işdə ürəkdən çalışmağınızı.

Əziyyət çəkənlərlə əlaqə qurmaq çətindir. Bu onların ağrısının bir hissəsini öz üzərinizə götürməyi tələb edir. Bu sizi bədbəxtliklə əlaqələndirir və bunun sizin də başınıza gələ biləcəyini və özünü necə hiss etdirəcəyini görməyə məcbur edir. Biz bir cəmiyyət olaraq küçədəki dilənçidən və ya TV ekranındakı narahatedici obrazdan üz çevirməyə meyilliyik. Hamımız bunu etmişik. Şübhəsiz ki, bu, qismən duyduğumuz ağrıya görədir, amma həm də biganəlikdən və onun gizli, dağıdıcı gücündən irəli gəlir. Helen Kellerin dediyi kimi: “Elm bir çox bəlalara çarə tapa bilib, amma onların ən pisi olan insan biganəliyinə yox”.

Bəs niyə? Başqalarının problemləri ilə əlaqəmizi inkar etmək istəyindənmi? Yoxsa sənayeləşmiş dünyamız bizi yuxuya verərək passivləşdirib? Bizdən daha az şanslı olanların çətinlikləri haqqında düşünməyə çox vaxtı olmayan durğun insanlaramı çevrilmişik?

Böyük həkim Vilyam Osler doğru söyləmişdi ki, mübarizə aparmalı olduğumuz əsas və ümumi düşmənimiz laqeydlikdir – cahilliyin deyil, hədsiz məşğulluğun və eqomuzun yaratdığı nifrətdən doğan biganəlik.

Problemlərin mövcudluğunu, lakin onların çox uzaqda olduğunu və kömək üçün nə edə biləcəyinizi bilmədiyinizi özünüzə söyləmək asandır. Arqumentlər belədir: “Mən bu problemi yaratmamışam, niyə məsuliyyət daşımalıyam?” və ya “Bunu həll etmək üçün nə vaxtım var, nə də pulum”. Düşünürəm ki, bu təsvirdə müəyyən həqiqət var. Bəlkə də, bu, əlaqəni inkar etmək deyil, əlaqəni bildiyimiz üçün hiss etdiyimiz ağrıdır və biz onu birbaşa yaşamaq istəmirik. Beləliklə, ən asan yolu seçirik: görməzdən gəlirik.

Ya da biganəlik, ola bilsin, çarəsizlik hissimizdən qaynaqlanır. Düşünürük ki, əzab həmişə olub və olacaq. Yoxsulluq və onunla bağlı əzabların insan təcrübəsinin qaçılmaz bir hissəsi olduğunu düşünürük. Dünyadakı əzablar o qədər böyük və genişmiqyaslıdır ki, biz özümüzü məğlub kimi hiss edirik, fatalist oluruq və məsuliyyət hissimizi itiririk. “Əgər fərq yarada bilməyəcəyiksə, niyə cəhd edək?”

Lakin mən deyərdim ki, biz bu ağrıya açıq olmalıyıq. Çünki belə olanda kömək etməkdən başqa çarəmiz qalmır. Bu bizim əzabımıza, ağrımıza çevrilir. Çox çətin prosesdir. Çünki təkcə bilik və öyrənmə deyil, həm də vacib olan təxəyyül tələb edir. Təxəyyül bizə əlaqə yaratmaq üçün – abstraktı real etmək üçün – vasitələr verir.

Bilirəm, hamınız sizi müəyyən karyeraya hazırlayan dərslər keçmisiniz, bu, yaxşıdır. Amma tam təhsil humanitar elmləri və sənəti də əhatə etməlidir. Çünki sənət sizdən çox fərqli insanların zehinlərinə açılan bir pəncərədir. Düşünürəm ki, romanın – roman oxumağın – bu baxımdan unikal gücü var. Bir neçə il əvvəl Deyv Eqqersin “Nə nədir?” (“What Is the What”) kitabını oxudum. Kitab dağıdıcı vətəndaş müharibəsi zamanı Cənubi Sudandan olan bir qaçqının həyatı və çətinlikləri haqqındadır. O vaxta qədər həmin müharibə və Cənubi Sudan xalqı haqqında bildiyim yalnız təsadüfən rastlaşdığım qəzet məqalələri idi. Lakin Deyvin insanlıq, yumor və şəfqətlə dolu kitabı sayəsində o qanlı savaşın təfərrüatları mənim üçün çox real oldu, zavallı xalqın əzablarına biganə qalmağımı qeyri-mümkün etdi. Çünki kitabı oxuyarkən birdən-birə hiss etdim ki, mən bu insanları tanıyıram, bilirəm onlar kimdir.

Öz kitablarımla bağlı isə dünyanın hər yerindən – Hindistandan, Təl-Əvivdən, Sidneydən, Londondan, Neşvilldən məktublar alıram. İnsanlar Əfqanıstana pul göndərmək istədiklərini bildirirlər. Bir oxucu hətta əfqan yetimi övladlığa götürmək istədiyini söylədi. Oxucular yazanda ki, Əfqanıstan onlar üçün artıq Tora-Bora mağaraları və Hilmənd əyalətinin tarlalarından daha çox məna kəsb edir, mən bundan qürur duyuram. Bu məktublarda mən sənətin, xüsusən də romanın ortaq dəyərlər vasitəsilə insanları bir araya gətirmək gücünü görürəm. Beləliklə, sənət insanlarda anlayış və şəfqət yaratmaqla onları yardım etməyə təşviq edən mühərriklərdən biridir.

Bəs növbəti addım? Praktik bir yol, atılacaq addımlar olmalıdır. Könüllülük və xeyriyyəçilikdə “5 faizini ver” şüarı var. Vaxtınızın 5 faizini və ya pulunuzun 5 faizini verin. Bu öz xoşbəxtliyinizin və rifahınızın kiçik bir hissəsini cəmiyyətə qaytarmaqdır. Bu hamımızın edə biləcəyi bir şeydir. Əgər həftədə qırx saat işləyirsinizsə, bəxti sizdən daha az gətirmiş biri ilə keçirəcəyiniz 2 saat dünyalar qədər böyük fərq yarada bilər.

Bilirəm ki, bu xahiş böyük xahişdir və onsuz da işi başından aşan sizin kimilərdən çox şey ummaqdır. Çünki siz mükəmməl bir dünya miras almırsınız, üstəlik, bəlkə də, həyatın sizə gətirəcəyi bütün dəyişikliklərlə necə mübarizə aparacağınızı düşünürsünüz. Lakin mən iddia edərdim ki, başqalarını düşünmək əlavə yük deyil, kimliyinizi və nəyə qadir olduğunuzu anlamaq fürsətidir.

Başqalarının dünyasında yaratdığınız fərqi görəndə öz dünyanızda da yarada biləcəyiniz dəyişikliyi görürsünüz. Bu, güc və müdriklik, eləcə də öz potensialınızı dərk etmək yoludur.

Bunu həm də özünüzün ən parlaq tərəfini göstərmək fürsəti kimi düşünün. Məsələn, yaxşı yazırsınızsa və ya həvəsli oxucusunuzsa, bu sevgini və bacarığı təlimlər keçməyə yönəldib cəmiyyətə fayda verə bilərsiniz. Əgər əllərinizlə işləməyi bacarırsınızsa, bəlkə, tikilməli bir ev var. Əgər ünsiyyətcil və xarizmatiksinizsə, niyə bu bacarıqları insanlarla əlaqə qurmaq və başqalarını öz işinizə cəlb etmək üçün telefon danışıqlarına sərf etməyəsiniz?

Mən də öz bacarıqlarım daxilində bunu etməyə çalışıram. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri kimi 2007-ci ildə Əfqanıstana səfərimdən ilhamlanan bir fond vasitəsilə dünyanın hər yerindən insanları öz işimə cəlb etməyə çalışıram. Şimali Əfqanıstana getdim, on il, iyirmi il İranda, Pakistanda yaşadıqdan sonra Talibandan və müharibədən qaçıb qayıdan insanlarla tanış oldum. Onlar heçliyin ortasına qayıtmışdılar, gündə bir dollardan aza dolanırdılar, təhsil, səhiyyə və qidadan məhrum idilər, səhrada qurulan çadırlarda və ya karton daxmalarda, qışda isə yerdə qazdıqları dəliklərdə yaşayırdılar. Baş çəkdiyim kəndlərdə ağsaqqallar hər qış 10-15 uşağın soyuqdan öldüyünü dedilər. Mən atayam və bir ata kimi bu mənim üçün sarsıdıcı və ürəkağrıdıcı idi. Bir əfqan kimi bu əziyyət çəkən insanlarla bağlılıq hiss etdim, onlara kömək göstərmək, həyatlarına nəzarət hissini qaytarmaq, əsas xidmətlərlə, xüsusən sığınacaq və təhsillə təmin etmək üçün əlimdən gələni etməyə qərar verdim ki, zavallılar dağılmış ölkələrini yenidən qurmağa başlaya bilsinlər.

Sonda hamınıza uğurlar, firavanlıq və gözəl həyat arzulayıram. Sizin nəslinizin əlaqə və xəyallar qurmaq kimi əlamətdar qabiliyyətləri ilə nələrə nail olacağını görməyi səbirsizliklə gözləyirəm. Bilirəm ki, gələcək illərdə sizdən çox şey öyrənəcəyəm. Və inanıram ki, bir-birimizin ağrılarını, arzularını və ümidlərini bölüşə bildiyimiz bir dünyada biz hamımız təhsilimizi davam etdirəcəyik.

Bu gün özümü sizin icmanızın bir hissəsi saymaqdan şərəf duyuram.

Mənbə: “Həyatınıza istiqamət verəcək 30 nitq”, MİMTA Yayımları, 2025.
İngilis dilindən tərcümə və tərtib edənlər: Həmid Həmidzadə, Yunus Müşfiq.