Ötənlərdə Bakıda əntiq əşyalar mağazasından nadir bir fotoşəkil əldə etdim. Bir az solğun olan fotoşəklin arxasında əski əlifbada yazılmışdı: “1893 sənəsi aprel 10-da. “Tərcüman”
həvadisnaməsinin 10 sənəlik yövmi-məxsusunda dua və təbrikə təşrif buyurmuş dost və ixvanın bir miqdarıdır. Yadigarən basmaxana ……….. fotoqraf ilə aldırdılar”.

Təəssüf ki, şəklin arxasına yapışdırılan bu yazıda
nöqtələr qoyduğumuz yer silinmişdi. Şəkildə qəzetin təsisçisi İsmayıl bəy Qaspıralı mərkəzdə dayanmış, sağında və solunda isə qəzetinin 10 illik yubileyinə gəlmiş qonaqlar əyləşmişdi.
Şəklin Azərbaycanda uzun illər qorunması təsadüf hesab edilməməlidir. Ehtimal ki, əldə etdiyimiz bu orijinal fotoşəkil bir müddət Bakıda yaşamış İsmayıl bəyin qızı Şəfiqə xanım Qaspıralının arxivindən qalıb.
Türkün dərdinin tərcümanı
“Tərcüman” qəzeti yeni təqvimlə 22 aprel 1883-cü
ildə Krımın Bağçasaray şəhərində işıq üzü görüb. Həftədə bir dəfə dörd səhifə həcmində nəşr edilib. Çar mütləqiyyətinin hökm sürdüyü bir zamanda türkcə qəzet çıxarmaq olduqca çətin idi. Bu məqsədlə İsmayıl bəy dörd dəfə Peterburqa gedib, nəhayət, Krım üçün faciəvi bir gündə – yarımadanın Rusiyaya ilhaq edilməsinin 100-cü ildönümü münasibətilə icazə ala bilib. Bu zaman tarix 17 avqust 1882-ci il idi.
Peterburqda köhnə bir mətbəə satın alan İsmayıl bəy hərfləri isə İstanbuldan təmin etmişdi. Qısa zamanda “Tərcüman” türk dünyasında önəmli yer tutub. Təkcə Türkiyəyə göndərilən nüsxə sayı 10 minə yaxın olub. “Tərcüman” mətbəəsində qəzetlə yanaşı, başqa nəşrlər də işıq üzü görüb. 1898-ci ildə “Məktəb”, 1906-cı ildə “Ha ha ha” adlı satirik jurnal, 1906–1907 və 1910–1911-ci illərdə Şəfiqə xanımın rəhbərliyində “Aləmi-nisvan”, 1910–1911-də “Aləmi-sibyan” dərgiləri işıq üzü görüb.
“Tərcüman”ın yazıları türkcə və rusca dərc edilirdi. 20 dekabr 1907-ci ildən etibarən qəzet tamamilə türkcə çıxıb, gərəkli hallarda rus dilində məqalələr verilib. İsmayıl bəy “Tərcüman”ı vəfat etdiyi 24 sentyabr 1914-cü ilə qədər idarə edib. Daha sonra oğlu Rifat Qaspıralının mülkiyyətində, Həsən Səbri Ayvazovun baş mühərrirliyində işıq üzü görüb. Bu idarəçilik 23 fevral 1918-ci ildə Krımdakı qurultay hökuməti ləğv olunana qədər davam edib. 1918-ci ilin aprel ayında almanlar Krımı işğal etdiyi zaman Şəfiqə xanım mətbəəni təkrar açıb, lakin digər yayımlar çıxdığı halda, “Tərcüman” qəzeti nəşr edilməyib. Həmin ilin avqust ayında Denikin qüvvələrinin Krımı ələ keçirdiyi zaman “Tərcüman” mətbəəsi də müsadirə edilib.
İsmayıl bəy qəzetini fikirdə, dildə, əməldə birlik
prinsipi ilə çıxarıb. Dil məsələsinə önəm verən İsmayıl bəy “Tərcüman”ın İstanbuldan Kaşğara qədər geniş bir bölgədə anlaşılmasını istəyirdi. Krım türklərinin liderlərindən Cəfər Seydahməd Krımər bu mövzuda haqlı olaraq yazırdı: “Həyatının sonuna qədər o, bu yolda yürüdü. 32 illik “Tərcüman”da və sair əsərlərində Qasprinski bir türk sözünü daha ədəbiyyata gətirməyi böyük bir qazanc olaraq tələqqi edirdi, bu yolda çırpınırdı”. Krımərə görə, Qaspıralı siyasi inqilabçı
deyildi, bir islahatçı idi, keçmişin yeni ilə əvəz olunmasını tədricən həyata keçməsini istəyirdi.
“Tərcüman” və Azərbaycan
“Tərcüman”ın tarixində azərbaycanlı aydınların da önəmli yeri var. Azərbaycan Cümhuriyyətinin Baş naziri olmuş Nəsib bəy Yusifbəyli 1906-cı ildə Şəfiqə xanımla evləndiyi üçün bir müddət Bağçasarayda yaşayıb. Şəfiqə xanım xatirələrində Nəsib bəyin qadağan olunmuş Vıborq Bəyannaməsinin “Tərcüman” mətbəəsində necə çap olunduğunu geniş şəkildə qələmə alıb. Cümhuriyyətin ədliyyə naziri olmuş Xəlil bəy Xasməhəmməd də “Tərcüman”ın 50 illiyi münasibətilə yazdığı məqaləsində tələbə ikən İsmayıl bəylə olan görüşünə dair xatirələrini qələmə alıb. “Azərbaycan yurd bilgisi” dərgisindəki yazısında isə azərbaycanlı Əhməd Cəfəroğlu onu Azərbaycana çox yaxın olan bir sima adlandırıb. Cəfəroğlu Qaspıralının vəfatının 50-ci ildönümü münasibətilə kiçik bir risalə də qələmə alıb.
İsmayıl bəy də Azərbaycandakı hadisələri yaxından izləyib. 1906-cı ildə o, “İrşad” qəzetinin nəşrə başlaması münasibətilə Əhməd bəy Ağayevə təbrik məktubu göndərib. İstanbulda təhsil alan gəncəli tələbə Abdullah Surun göndərdiyi yazılar “Aləmi-nisvanda” işıq üzü görüb.
Azərbaycan mətbuatının qurucusu Həsən bəy Zərdabinin, ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşının İsmayıl bəylə yaxın əlaqələri olub.
Bağçasarayda və Bakıda yubiley
22 aprel 1893-cü ildə “Tərcüman”ın 10 illik yubiley
mərasimi qeyd olunub. Əldə etdiyimiz fotoşəkildəki şəxslərin kim olduqlarını müəyyən
edə bilməsək də, yubileylə bağlı məlumatlarda bir sıra adlar çəkilib. Onlar arasında azərbaycanlılar da var.
Yubiley toy ab-havası içərisində təşkil edilib. Bağçasarayın polis müdiri, Taurida vilayətinin hakimi, prokuroru, jandarma komandanı dəvət
olunub. Yubileydə toplanılacaq pulla “Tərcüman” mətbəəsinə yeni makina alınacaqdı.
Tədbirdən öncə kilsədə mətbəəni icad edən Qutenberq, ilk rus mürəttibi İvan Fyodorov (Dyak Fyodor) və “Tərcüman”ın nəşrinə icazə vermiş mərhum qraf Dmitri Tolstoyun ruhuna dualar edilib. Qonaqlar onlara ayrılan yerlərdə əyləşdikdən sonra “Quran”dan ayələr oxunulub. Ardınca yubileyə gələn qonaqlar təqdim olunub. İrqızdan Kaşif Şahidullin, Orskdan Vəli Həsənov, Axısqadan Şahmurad ağa və qazı Əbdülhəmid əfəndi, Bakıdan Sultanməcid Qənizadə, İrəvandan Firidun bəy Köçərli, Xan Kirmandan Həsən Mirzə Tunkacıyev, Tiflisdən Qafqaz
müftisi və şeyxülislamın təmsilçisi, Ufadan, Rostovdan, Ordubaddan, Peterburqdan və bir sıra bölgələrdən qonaqlar təşrif ediblər. İsmayıl bəy və həyat yoldaşı Zöhrə xanım qonaqlarla şəxsən məşğul olublar. Tədbirdə qonaqların
İsmayıl bəyin anasına yazdığı məktub oxunulub. Məktubda İsmayıl bəy kimi bir övlad yetişdirdiyi üçün ona hörmət və ehtiram göstərilib. Daha sonra Bağçasaray bələdiyyəsinin sədri Mustafa Mirzə Davidoviç ayağa qalxaraq qonaqlara Zöhrə xanımın hədiyyəsini açıqlayıb. Bu hədiyyə Zöhrə xanımın nəzarətində qızların təhsilinə pulsuz xidmət göstərəcək bir dərsxananın açılması idi. Tədbirdə İsmayıl bəyə Rusiyanın bir çox yerlərindən, Osmanlıdan hədiyyələr də göndərilib. Tədbir boyunca müxtəlif xatirə fotoşəkilləri çəkilib, İsmayıl bəy qonaqlarını bir-biri ilə tanış edib. Tədbir nəticəsində nəzərdə
tutulan yeni mətbəə makinəsi üçün 1324 rubl, 60 qəpik ianə toplanılıb.
“Tərcüman”ın 10 yaşı Bakıda da qeyd edilib. Bu
münasibətlə İsmayıl bəy Bakıya gəlib, Sultanməcid Qənizadənin evində qalıb. 1903-cü ildə qəzetin 20 illiyi də Bakıda qeyd edilib. Əhməd bəy Ağayev “Kaspi” qəzetində bu münasibətlə yazdığı “Nadir yubiley” adlı məqaləsində Qaspıralının gördüyü işləri təqdir edib, onun hansı çətinliklə bu mətbu orqanı ərsəyə gətirdiyini göstərib: “Cənab Qasprinsikinin hansı ağılagəlməz çətinliklərlə üzləşdiyini, hansı keçilməz maneələri dəf etdiyini təxmini də olsa anlamaq üçün sadəcə tatar mühitində yaşamaq, yəni tatar olmaq lazımdır. Cənab Qasprinski bu işə başlayanda soydaşları arasında nəinki çap məsələlərindən xəbərdar olan, hətta mürəttib işinin öhdəsindən gələ bilən bir nəfər də yox idi. Ona görə də cənab Qasprinski qəzetin həm mürəttibi, həm çapçısı, həm redaktoru, həm də yeganə əməkdaşı kimi fəaliyyət göstərməli olmuşdu. Bütün çətinliklərə baxmayaraq, bir tərəfdən daxilindəki müqəddəs işıq, o biri tərəfdən isə xalqına və maarifə bəslədiyi sonsuz məhəbbət ona tutduğu yoldan çəkilməyə imkan verməmiş, güc və qüvvəsini artırmışdı”.
1908-ci il mayın 2-də “Tərcüman”ın 25 illik
yubileyi Bakıda “Nəşri-maarif” Cəmiyyətində qeyd olunub. Tədbirdə çıxış edən Hacı Zeynalabdin Tağıyev Qaspıralının mətbuata xidmətindən bəhs edib. Tağıyevdən sonra Əhməd bəy Ağayev, Həsən ağa Həsənzadə, Məhəmməd Cövdət bəy nitq söyləyib. Əli bəy Hüseynzadə ilə Əhməd bəy Ağayev Bağçasaraya təbrik məktubu da göndəriblər. Eləcə də Haşım bəy Vəzirov “Tazə həyat” adından yubiley münasibətilə İsmayıl bəyi təbrik edib.
Qaspıralının vəfatı isə Azərbaycan mətbuatında daha böyük əks-səda doğurub. Dövrün tanınmış ziyalılarının, mühərrirlərinin və ədiblərinin bu kədərli hadisə ilə bağlı mətbuatda onlarla məqalə və şeiri dərc olunub. Bakıda Təzəpir məscidində və Gəncədə ruhuna dua mərasimi tərtib edilib…


Qaynaq:
“Azerbaycan Yurt Bilgisi” dərgisi, 16-cı say, aprel 1933.
“Kırım” dərgisi, 9–12-ci say, 1957.
Əhməd bəy Ağayev, “Bəs bizim ziyalılarımız haradadır?” (“Kaspi”dən seçmələr”), Haz: Vilayət Quliyev, Bakı, 2019.
İslam Ansiklopedisi, “Tercüman” maddəsi (Haz: Yavuz Akpınar)
Mehdi Genceli, “İsmail Gaspıralı’nın Vefatı
Azerbaycan Matbuatında”, “Modern Türklük
Araştırmaları” dergisi, Cilt 16, Sayı 1 (Mart 2019).
Şengül Hablemitoğlu, Necip Hablemitoğlu, “Şefika Gaspıralı ve Rusya’da Türk Kadın Hareketi (1893–1920)”, Ankara, 1998.



