Xəbərlər

The Times: Britaniya yaxın günlərdə Fələstin dövlətini tanıyacaq

“Birləşmiş Krallıq bu həftə sonu Fələstin dövlətçiliyini rəsmən tanıyacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times” məlumat yayıb.

Qeyd edilib ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer bu barədə ABŞ prezidenti Donald Trampın dövlət səfərindən sonra açıqlama verəcək.

İyulun 29-da Britaniya tərəfi xəbərdarlıq edib ki, əgər İsrail Qəzza zolağına humanitar yardımı əngəlləməkdə davam edərsə və anklavda hərbi əməliyyatı dayandırmazsa, London BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasından əvvəl Fələstin dövlətini tanıyacaq. İsrailin Qəzzada artan hərbi əməliyyatları fonunda Böyük Britaniya Xarici İşlər Nazirliyi də sentyabr ayında Fələstini tanımaq öhdəliyini təsdiqləyib.

“The Times” yazır ki, Starmer ABŞ-ın bu məsələdə Britaniyanın mövqeyini dəstəkləmədiyini nəzərə alaraq, Trampın Böyük Britaniyaya səfərini pozmamaq üçün Fələstinin tanınması ilə bağlı rəsmi açıqlamasını bu həftənin sonuna qədər təxirə salıb. Amerika prezidenti Böyük Britaniyaya sentyabrın 16-da axşam gəlib və bu, müasir tarixdə görünməmiş ikinci dövlət səfəridir. Sentyabrın 17-də onu Vindzor qəsrində Kral III Çarlz qəbul edib. Tramp sentyabrın 18-də Starmerlə danışıqlar aparacaq.

Sentyabrın 23-dən 29-dək Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci Sessiyasının Yüksək Səviyyəli Həftəsi keçiriləcək.