Günel Natiqqızı Köşə Yazıları

Tikdim ki, izim qala

“Əzizim, bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala”.

Keçmişdən süzülüb gələn bu bayatı misralarını eşidənlərin təsəvvüründə, yəqin ki, memar obrazı canlanır. Ancaq bu dəfə təsvir edilən qala kərpiclə qurulan müdafiə qalası deyil, mürəkkəblə hörülən Söz qalasıdır. Bu qala qələmin tikdiyi divarlardan, qəlbin seçdiyi sözlərdən ucalır.

Zahirən fərqli görünsələr də, onların oxşarlıqları çoxdur. Hər iki qalanın möhkəmliyi onun sağlam təməlinə bağlıdır. Bu qalalar içində daşıdığı dəyəri qorumaq üçün tikilir. Amma bu dəyərləri qoruyarkən onlar kənardan sadəcə əzəməti ilə öyünməməli, müdafiəni və mübarizəni də bacarmalıdırlar. Bu yolda Söz qalasının ən güclü silahı isə elə həmin qalanı quran mürəkkəb olur. Necə ki daş qala düşmən qarşısında sınmamalıdır, Söz qalası da haqsızlıq qarşısında susmamalıdır. Doğru hədəfi nişan almaq üçün bəzən sərt sözlərdən yox, səssiz haraydan istifadə etməyi bilməlidir. Bəzən qəfil gələn fırtınlar bu qalanın daşlarını aşındırsa da, sadə quru sözlərlə deyil, doğrular və hisslərlə qurularsa, zamanın sınağı onu qorxutmaz.

Söz qalasının darvazasından içəri daxil olduqda həm keçmişin nişanəsini, həm də gələcəyin ümidini, yönünü və izini görə bilərsən. Bu qala sanki min illərin içindən boylanan bir körpüdür. Bir ucu tarixə, bir ucu sabaha bağlı olan körpü.

Fikirlərdən qurulan bu qalaların sırasında hələ onun ilk təməllərini qoyan bir qızın qalası da var. Onun Söz qalası İçərişəhər kimidir biraz. Dar küçələrindəki hər addımında bir sirr, hər dönəcəkdə bir xatirə gizlənir. Bəzən ilıq yaz səhərində sükut ilə danışan, bəzənsə Bakı küləkləri kimi coşqulu. Sükutu ilə ruhuna toxunan, coşqusu ilə düşüncəni oyadan. Ancaq onun da amalı illər öncə qurulan ilk Söz qalası ilə eynidir:

Özünün deyil, sözünün izi ilə yaşamaq…