Avqustun 29-da Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda Qərbi Azərbaycan mövzusunda çəkilmiş “Torpağın dad hekayəsi” filminin təqdimatı olub. Film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin layihəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açılış sözü ilə başlayan filmin ssenari müəllifi, Əməkdar jurnalist Firuzə Nadir bildirib ki, “Torpağın dad hekayəsi” filmi Qərbi Azərbaycandan olan bir ailənin timsalında yurdundan qaçqın düşən soydaşlarımızın uzun illərdir qoruyub yaşatdıqları adət-ənənələrə, mənəvi dəyərlərə, milli mətbəxə, eyni zamanda onların doğma ocağa qayıtmaq arzusuna həsr olunub. Layihənin əsas məqsədi milli mətbəximizin ayrılmaz qolu olan Qərbi Azərbaycan mətbəxinin zənginliyini, özünəməxsusluğunu araşdırmaq, təbliğ etmək, tanıtmaqdır.
Sonra çıxış edən filmin layihə rəhbəri Kənan Qılıncxanovun sözlərinə görə, film 3 tematik hissədən ibarətdir: yurd, dad, yaddaş: “Filmin hər bir qəhrəmanı o yaddaşın daşıyıcısıdır. Hətta filmdə səslənən musiqilər də həmin yaddaşın səsidir. Bu yaddaş, bu səs onlarda doğma yurda qayıdışa da inam yaradıb”. Kənan Qılıncxanov belə bir aktual mövzulu layihəni dəstəklədiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib.
Sonra qonaqlar “Torpağın dad hekayəsi” sənədli filmini izləyiblər.
Filmdə Qərbi Azərbaycanın unikal mətbəxi haqqında bir hekayə təqdim olunur. Ailənin, əsasən, yaşlı üzvləri qədim yemək reseptlərini bölüşürlər. Onların xatirələri Qərbi Azərbaycan mətbəxinin özəlliklərinə, üstəlik, onun zamanla nəsildən-nəslə ötürülməsinə, xalqımızın qonaqpərvərliyinə işıq salır. Filmdə yeməklərin birgə hazırlanma və süfrəyə verilmə prosesi, ailənin birgə zaman keçirməsi ilə bağlı maraqlı epizodlar yer alır.
Qərbi Azərbaycana qayıdış ideyası filmdən qırmızı xətlə keçir. Qarabağ savaşında qazanılan parlaq Qələbə Qərbi Azərbaycana qayıdışa da bir yol açıb. Filmdə bu yolun mütləq keçiləcəyinə də inam ifadə olunur. Film müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə söylədiyi fikirlə bitir: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. …Bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir”.
Filmin nümayişindən sonra Əməkdar jurnalist Yunis Orucov film barədə təəssüratlarını bölüşüb.
Qeyd edək ki, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi 2004-cü ildə yaradılıb. İctimai Birliyin əsas məqsədi xalqımızın zəngin milli mətbəxini, süfrə mədəniyyətini, qonaqpərvərliyini, qonağa hörmət adətini, ənənələrini, milli bayramlarını, milli dəyərlərini diqqətlə araşdırmaq, tədqiq etmək, qorumaq, yaşatmaq və təbliğ etməkdir.












