Xəbərlər

Tramp Amerika antifaşist hərəkatını “terror təşkilatı” elan edib

ABŞ prezidenti Donald Tramp Amerika antifaşist hərəkatı “Antifa”nı “terror təşkilatı” adlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ağ Evin rəhbəri hərəkatı “xəstə, təhlükəli, radikal solçu fəlakət” adlandırıb. Amerika prezidenti yazır: “Mən həmçinin ən yüksək hüquqi standartlara və təcrübələrə uyğun olaraq “Antifa”nın maliyyələşdiriciləri ilə bağlı hərtərəfli təhqiqatın aparılmasını şiddətlə tövsiyə edirəm”.

“Reuters” xatırladır ki, Tramp hələ prezidentliyinin ilk dövründə antifaşist hərəkatı terror təşkilatı kimi tanımaq niyyətindən danışıb. O, Minnesota ştatının Minneapolis şəhərində afro-amerikalı Corc Floydun ölümündən sonra kütləvi etirazlar, Oreqon ştatının Portlend şəhərində ifrat sağçı və antifaşistlərin planlaşdırdığı aksiyalar fonunda belə bəyanatlar verib. Tramp bu fikrə tərəfdaşı, radikal sağ fəal Çarli Kirkin öldürülməsindən sonra qayıdıb. Sentyabrın 10-da Utah Valley Universitetində tələbələr qarşısında çıxışı zamanı 31 yaşlı siyasətçi ona qarşı sui-qəsddən sonra boyun nahiyəsindən güllə yarası alıb və az sonra dünyasını dəyişib. Kirkin öldürüldüyü iddia edilən silahın patronunda antifaşist şüarlar tapılıb. Xüsusilə, yazılardan biri belə idi: “Ay faşistlər, bunu tutun”.