Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus prezidentinin mətbuat xidmətinə yaxın “Pool of the First” teleqram kanalı məlumat yayıb.
“Lukaşenko və Tramp telefonla danışıb”, – məlumatda deyilir.
Teleqram kanalı dəqiqləşdirib ki, söhbət Bakı vaxtı ilə saat 17:45 radələrində başa çatıb.
Tramp da öz növbəsində “Truth” sosial şəbəkəsində yazıb ki, Lukaşenko ilə bir çox mövzuları, o cümlədən Rusiya prezidenti Vladimir Putinin Alyaska səfərini müzakirə edib. Amerika lideri həmçinin 16 məhbusun azadlığa buraxılmasına görə belaruslu həmkarına təşəkkür edib və onunla daha 1300 nəfərin mümkün azadlığa buraxılmasını müzakirə edib. Tramp qeyd edib ki, gələcəkdə Lukaşenko ilə görüşməyi gözləyir.



