ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya ikinci dövlət səfəri sentyabrın 17-dən 19-dək baş tutacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Bukingem sarayından bildirilib.
Böyük Britaniya kralı III Çarlzın ofisindən verilən məlumata görə, Amerika lideri həyat yoldaşı Melaniya ilə birlikdə London yaxınlığındakı Berkşir qraflığında yerləşən Vindzor qəsrində qalacaq.
Qarşıdan gələn səfər barədə ilk dəfə fevral ayında Ağ Evə səfəri zamanı Böyük Britaniyanın Baş naziri Keir Starmer məlumat verib.
Qeyd edək ki, Tramp Böyük Britaniyaya ilk dövlət səfərini 2019-cu ildə ilk prezidentliyi dövründə Kraliça II Elizabetin (1926-2022) taxtda əyləşdiyi zaman edib. Həmin vaxt səfər üç gün çəkib. Böyük Britaniya müasir tarixdə heç vaxt xarici siyasi xadimin ikinci dəfə dövlət səfərinə ev sahibliyi etməyib.