Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Hollandiyanın Baş naziri vəzifəsini icra edən Dik Şof arasında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb.
Qeyd edilib ki, Ərdoğan telefon danışığında Ankaranın Ukraynada davamlı sülhün bərqərar olmasına çalışdığını bildirib.
“Prezident Ərdoğan bəyan edib ki, Türkiyə ədalətli və davamlı sülh bərqərar etməklə Ukrayna-Rusiya müharibəsinə son qoymağa çalışır. O, Türkiyənin İstanbul prosesinin ev sahibi ölkə kimi bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib”, – məlumatda bildirilib.
Ərdoğan Şof ilə Yaxın Şərqdəki vəziyyəti də müzakirə edərək qeyd edib: “Qəzza zolağında humanitar fəlakət getdikcə pisləşir və İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin Qəzza zolağına hərbi nəzarəti ələ keçirmək planı tamamilə qəbuledilməzdir”.



