Növbəti “TRT Dünya Forumu”ndakı iştirakımızı uğurla başa vurduqdan sonra Səbiha Gökçən Beynəlxalq Hava Limanına çatanda İrəvan təyyarəsinin anons edildiyini eşitdim. Budur, dünyanın və regionun dəyişdiyinə dair ilkin nəticə artıq əldə edilib. Ümid edək ki, Ermənistan tərəfi PaşinyanTı Vaşinqtona aparan İlham Əliyev siyasətinə münasibətdə düzgün mövqe nümayiş etdirə biləcək.
TRT telekanalının doqquzuncu dəfə təşkil etdiyi “TRT Dünya Forumu” 2025-ə ikinci dəfə iştirakçı qismində qatıldım. Forum 31 oktyabr –1 noyabr 2025-ci il tarixlərində İstanbulda “Hilton Bomonti” otelində baş tutdu. İki gün davam edən tədbir Prezident Rəcəb Tayyib Ərdoğanın açılış nitqi ilə başladı. Növbəti gün Xarici işlər naziri Hakan Fidan, Kommunikasiya İdarəsinin yeni təyin edilmiş rəhbəri, professor Burhaneddin Duran, prezidentin xarici məsələlər üzrə köməkçisi Akif Çağatay Kılıç da ictimaiyyətə açıq panellərdə çıxış etdilər. Bununla yanaşı, forumun əsas məğzini təşkil edən ictimaiyyətə qapalı xüsusi panellər də keçirildi. Həmin panellər yalnız xüsusi dəvət almış elm adamları, siyasətçilər və ekspertlər üçün nəzərdə tutulmuşdu.
Forumda dünyanın müxtəlif ölkələrindən aparıcı elm adamları, dövlət rəsmiləri və ekspertlər qonaq qismində dəvət edilmişdilər. Artıq ikinci dəfə iştirak etdiyim bu forumun qlobal məsələlərin müzakirə edildiyi regional mərkəz kimi tam formalaşdığını rahatlıqla demək mümkündür. Bu fakt eyni zamanda Türkiyənin də regional mərkəzə çevrildiyini göstərir.
Məlumdur ki, hazırda demək olar, bütün ölkələr dəbə uyğun olaraq müxtəlif forumlar və s. təşkil edir. Lakin bu forumların davamlılığını qorumaq və real təsir mexanizmi formalaşdırmaq olduqca çətindir. Yerləşdiyi regionda həm “yumşaq”, həm də “sərt” gücə sahib olan Türkiyə bu işin öhdəsindən müvəffəqiyyətlə gəlir. Artıq “TRT Dünya Forumu”nu regional və qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq platforma kimi qəbul etmək olar. Beləliklə, Türkiyənin həm qlobal məsələlərin müzakirə edildiyi, həm də iqtisadi inteqrasiyanın təşviq olunduğu regional mərkəz rolunu oynadığını rahatlıqla söyləmək mümkündür.
Mərkəzi Asiya Paneli
Forumda ictimaiyyətə açıq çıxışlardan əlavə, xüsusi başlıqlar altında təşkil edilən panellər “Chatham House” prinsipi ilə media və ictimai dinləməyə qapalı idi. Builki Mərkəzi Asiya panelində iştirakçı qismində yer aldım. Panelin çıxışçıları sırasında Qırğızıstan Respublikasının sabiq Baş naziri Comart Otorbayev, sabiq mədəniyyət naziri Azamat Jamankulov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais və TÜRKSOY-un Baş katibi Sultan Rayev iştirak edirdilər.
Panel müzakirələri olduqca məhsuldar keçdi. Türk dünyasının gələcəyinə olan inamımız bir daha möhkəmləndi. Bahçeşehir Universitetindən həmkarım Dr. Nəcibə Mustafayeva və mən Xəzər Universitetinin nümayəndəsi olaraq Azərbaycan adından iştirak edib fikir və dəyərləndirmələrimizi bölüşdük.
“TRT World” və “TRT Russian” müsahibələri
Panel müzakirələrindən sonra “TRT World” kanalına müsahibə verdim. Bu müsahibə Türkiyənin yüksək indeksli elmi jurnallarından biri olan və SETA Vakfı tərəfindən nəşr edilən “Insight Turkey” jurnalında çıxan məqaləmlə bağlı idi. Jurnalın baş redaktoru, Türkiyə Respublikası Prezidentinin müşaviri, Ankara Sosial Elmlər Universitetinin kafedra müdiri, professor Muhittin Atamandır.
Bundan əlavə, Türk Universitetlər Birliyi və onun mədəni birliyin formalaşmasına verdiyi töhfələr barədə “TRT Russian” kanalına da müsahibə verdim.
Türkiyədə doktorantura təhsili alarkən Somalidən olan otaq yoldaşım Məhəmməd Əminlə təxminən dörd il birlikdə yaşadıq. Beləcə, Afrika ölkələrindən olan insanlarla tanışlığım və dostluğum da məhz o dövrdə başladı. “TRT Dünya Forumu” 2025-in mənim üçün ən xoş məqamlarından biri də o oldu ki, müsahibə verdiyim iki jurnalist də Afrika kökənli idilər və mən onlarla ünsiyyətdən böyük zövq aldım.
“TRT Russian” kanalında mənə ingilis dilində suallar ünvanlayan Əbdulhayyi Əli Musa və “TRT World” kanalından Qreys Kuria ilə həmsöhbət olmağım, eləcə də Türkiyədə yaşadığım illərin təcrübəsi onu deməyə əsas verir ki, bu insanlar Türkiyədə yaşamaqdan və türklərlə işləməkdən məmnundurlar.
“TRT Dünya Forumu”ndan söz açmışkən, Türkiyə Respublikasının səfirliyinin Mətbuat Müşavirliyinin həm ölkələrimiz, həm də bütövlükdə Türk dünyası üçün gördüyü işləri xüsusi vurğulamaq lazımdır. Bu istiqamətdə fəaliyyəti ilə seçilən müşavir Dr. Cihangir İşbilirin adını qeyd etmək istərdim. Ümumən demək lazımdır ki, bu kimi ictimai əhəmiyyətli vəzifələrə təyin olunan şəxslər özləri üçün yox, el üçün çalışmalıdırlar. Çünki fərdin varlığı və uğuru da güclü elə, obaya və millətə sahib olmaqla birbaşa bağlıdır.
TRT Komandası
Sonda “TRT Dünya Forumu”nun təşkilatçılığında əməyi keçən TRT komandasına təşəkkür etməyi vacib sayıram. Çünki gün ərzində dünyanın müxtəlif ölkə və mədəniyyətlərindən olan qonaqları yüksək səviyyədə qəbul etmək və tədbiri uğurla idarə etmək olduqca məsuliyyətli işdir.
Bu baxımdan başda TRT Baş katibi, professor Zahid Sobacı, TRT-də təlim və tədqiqat bölməsinə rəhbərlik edən Selin Burcu xanım, “TRT World” tədqiqatçısı və forumun təşkilati komandasının üzvü, dəyərli dostum Şeymanur Yönt Gökçen olmaqla bütün komandaya göstərdikləri peşəkarlıq və qonaqpərvərlik üçün təşəkkürümü bildirirəm.
S.e.ü.f.d. dos. Orxan Vəliyev
Xəzər Universiteti, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri











