Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “istəklilər koalisiyası”nın iştirakçılarına respublikanın Ukrayna probleminin nizamlanmasında aparıcı rol oynamağa hazır olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, o, prezident Rəcəb Tayyib Ərdoğanın adından “istəklilər koalisiyası”nın videokonfrans toplantısında iştirak edib.
“Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edərək, “istəklilər koalisiyası”nın 5-ci onlayn sammitində iştirak etdim. Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi görüşdə ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsi üçün diplomatik səylər müzakirə olunub. Türkiyə bir daha bəyan edir ki, bütün sahələrdə sülh və dialoqun qurulmasında aparıcı rol oynamağa hazırdır”, – Yılmaz qeyd edib.
O, həmçinin əlavə edib ki, Ankara “ədalətli və davamlı sülh əldə olunana qədər bütün mövcud resurslarla diplomatik prosesə töhfə verməyə davam edəcək”.



