Ədəbiyyat Günel Natiqqızı Xəbərlər

Üç nöqtə kimi

Ulduzun içində suallar gəzir,
Nidatək gecələr gətirir qəmi.
Ürəkdə yaranıb qəribə boşluq
Sirri bilinməyən üç nöqtə kimi.

Zaman alışdırır, barışmaq olmur,
Hər gələn dalğaya qarışmaq olmur.
Bəzən dil də susur, danışmaq olmur
Ardı yarım qalmış üç nöqtə kimi.

Ləpəsi çağlayan dənizdir həyat,
Bizim qəlbimiz də kağızdan gəmi.
Küləyə etibar estək yelkəni,
Limansız qalarıq üç nöqtə kimi.

Həyat insanlarla yarışda olur,
Oyunu düzəldir, bir şahmat qurur.
Sualın boş qalır, nöqtəni vurur,
Mat edir, donursan üç nöqtə kimi.

Boş çoxluq içində itib qaldınsa,
Nöqtəni vergül et, əgər alınsa.
Səndə alınacaq, alın yazınsa.
Fikrim yarım qalsın, onun sonunsa,
Duyanlar anlasın
Bir sual, bir nida, üç nöqtə kimi…

Müəllif: Günel Natiqqızı