Aktual

Ukraynalı əsirlərin həlak olduğu təyyarə qəzasının təşkilatçısı kimdir? – EKSPERT

24.01.2024 tarixində Rusiyanın “İlyuşin-76” hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb və qəzada 74 nəfər həlak olub. Həlak olanlardan 65-i ukraynalı əsirlər olub. Rusiya Müdafiə Nazirliyi qəzanın təxribat nəticəsində baş verdiyini bildirib. Rusiya tərəfi ilk olaraq təxribatın Ukrayna tərəfindən planlaşdırıldığını bildirmiş, sonra təyyarədə ukraynalı əsirlərin olduğunu var sayaraq bu fikirdən daşınmış, son nəticədə Vaşinqton və Brüsseli günahlandırmışdı. Araşdırmalar davam edərkən Rusiya İstintaq Komitəsi açıqlama yayıb və açıqlamada təyyarənin Ukrayna ərazisindən gələn zenit raketi ilə hücuma məruz qaldığı qeyd olunub.

Bəs doğrudan öz əsirlərini daşıyan təyyarəni Ukrayna vurubmu? Əgər belədirsə, Ukraynanın bunu etməkdə məqsədi nə ola bilərdi? Rusyanın bu təxribatda Vaşinqton və Brüsseli günahlandırmasında nə dərəcədə haqlılıq payı var?

“Füyuzat” mövzu ilə bağlı politoloq Aydın Quliyevin fikirlərini öyrənib. O bildirib ki, təyyarənin vurulması müəmmalı bir hadisədir:

“Ümumiyyətlə xatırladığım qədəri ilə neçənci belə hadisədir ki, mülki təyyarə vurulur. Bir dəfə də xatırlayırsınızsa, Malaziyanın 280 nəfərdən çox sərnişin daşıyan təyyarəsi Ukrayna ərazisində vuruldu və xatırladığım qədər hələ o məsələnin araşdırılması sonlandırılmayıb. İndi də dəyişilmək üçün göndərilən hərbi əsirləri daşıyan təyyarənin vurulması olduqca müəmmalıdır. Burada ehtimallar doğrudan da bir neçə yerə işarə edir. Ehtimallar eyni dərəcədə Rusiyanı, həmçinin Ukraynanı və 3-cü tərəfləri səbəbkar göstərə bilər”.

Politoloq sözügedən ehtimalların hər birinin həqiqətə uyğun əsaslandırmaları olduğunu qeyd edib:

“Məsələn, Rusiya ən azı maraqlı ola bilərdi ki, aylardır Rusiyada saxlanılan həmin hərbi əsirlərin hansısa bir sirr daşıyıcısı olduqlarına görə, ya da onlara verilmiş işgəncələri, qeyri-insani davranışları sübut edə biləcək subyektlər olaraq sağ-salamat Ukraynaya verilməməsi Rusiya üçün önəmli ola bilərdi. Yaxud Ukraynanın həmin əsirləri qəbul etməkdə çətinlik çəkə biləcəyi arqument kimi ortadadır. O mənada ki, Ukrayna həmin əsirlərin Rusiya kəşfiyyatı tərəfindən ələ alınmış ola biləcəkləri, həmin adamların gələcəkdə Ukraynanın daxilində müxtəlif şəbəkələr çərçivəsində fəaliyyət göstərə biləcəyini düşünmüş ola bilər. Eyni zamanda Ukraynanın Rusiyanın hazırki hakimiyyəti ilə heç bir sahədə, o cümlədən humanitar əməkdaşlıq sahəsində də hər hansı bir layihəni həyata keçirməmək istəyinin ifadəsi ola bilər. Çünki dəfələrlə olub ki, Ukraynadan “Rusiyada nə vaxta kimi Putin hakimiyyətdədir, bizim Rusiya ilə heç bir əməkdaşlığımız ola bilməz” kimi bəyanatlar eşitmişik”.

Politoloq ehtimalların daha çox 3-cü tərəflərin üzərində olduğunu bildirib:

“Bu silsilədən ehtimallar Ukraynanı səbəbkar göstərə bilər, ancaq mənim fikrimcə, ən realı 3-cü ehtimaldır. Yəni Rusiya və Ukraynanın barışması, arada qarşılıqlı etimadın yaranmasında maraqlı olmayan qüvvələr bu hadisəni törədə bilərdilər ki, Ukrayna ilə Rusiya iki tərəfli razılaşmalara gələ bilməsinlər və perspektivdə bu istiqamətdə iş açılmasın. Beləliklə, bu səbəblərdən 3-cü tərəflərin bu hadisələri törətdiklərinin üzərində durmaq olar. Eyni zamanda burda hipotetik olaraq 4-cü və təsadüf variantını da gərək istisna etməyək, çünki müharibə zonasıdır və müharibə zonasında idarə olunan raketlərin hədəfi yalnışlıqla belə mülki təyyarələrə də dəyə bilər. Ona görə də bu ehtimalların hər biri müəyyən qədər həyati əsaslara malikdir, amma hansı daha dəqiqdir, əlbəttə,  bu, araşdırmalar nəticəsində bəlli olacaq. Düşünürəm ki, araşdırmalardan da çox tarix özü bütün sualları cavablayacaq”.