Ədəbiyyat Mətanət Abdullayeva Xəbərlər

Ümman və damla

Ümman doğma Damlasını yola salarkən həsrət qarışıq sevinc hissi onu çulğaladı: axı Damlası gözəl, lakin keşməkeşli bir aləmə yola düşürdü… Əgər yolçuluğu uğurlu keçərsə, əziz Damlası mərifətlə geri qayıdacaq. Əks halda…

Qarşıda Damlanı sınaqlar aləminə çox çətin səyahət gözləyir. Belə səyahətdə onun ən böyük itkisi özünü unutmaq olacaq. Buna görə də Damla orada əziyyətli damcı həyatını yaşamağa məhkumdur. Amma o, sınaqlardan şərəflə çıxmağı bacarsa – bərkiyəcək; əziyyətlərdən, sıxıntılardan keçə-keçə dolğunlaşacaq, əzilə-əzilə möhkəmlənəcək, büdrəyə-büdrəyə ucalacaq; ucaldıqca özünün sadəcə damcı olmadığını anlayacaq.

Fikir karvanının içərisində itən Ümman kədərlə: “Ah, əziz Damlacığazım, sən nələrdən keçməli olacaqsan?!” – deyərək dərindən köksünü ötürdü. Onun nə qədər damlaları ağır sınaqlara tab gətirə bilməmiş, dolanbaclarda ilişib qalmış, unutqanlıq həyatının zahiri dəbdəbəsinə uymuşlar! Özü qədər sevdiyi, kainatın dəyərli varlıqları hesab etdiyi doğma damlaları “yeni” həyatlarının cazibəsinə ilişəndə Ümmanın nəinki sevgisini, heç varlığını da yadlarına salmırlar. Təbiətən səbirli və rəhmli olan Ümman əziz damlalarını bütün halları ilə sevir, onların özlərinə qayıdışını böyük ümid və səbirlə gözləyir.

Onların oradakı məskəni – unutqanlıq məkanıdır. O məkanda damlalar, ilkin düşünülmüş plana görə, yeni keyfiyyətdə – unutqanlıqda doğulmalıdırlar. Belə həyatı yaşamaq nə qədər ağırdır! İndi də növbəti Damlasının yolasalınma anı. Ümman ani olaraq az qala Damlasını tutub saxlamaq, “tale” deyilən çətin yükün altına girməməsi üçün onu yanından buraxmamaq fikrinə düşdü. Lakin bu, mümkün deyildi! Damla ayrılığın təcrübəsini yaşamalıdır. Bu təcrübədə onun qəlbi nə qədər sındırılacaq, nə qədər tapdalanacaq, nə qədər şumlanacaq! Ümman həmin “nə qədərlər”in qədərini bilirdi – qəlbin içindəki sevgisi üazə çıxana kimi. Torpaq da şumlananda münbit olur, könül də. Sevgi – şumlanmış qəlbdə cücərər, boy atar, böyüyər; məkanını – qəlbi özünün ölçüsüzlüyü qədər genişləndirə bilər. Belə qəlbi kimsə nə sındıra, nə də tapdalaya bilər. Damla Ümmanın sevgisini özündə tapmaq üçün, sevgidə yanıb ərimək üçün, sevginin həsrətində bişib yanmaq üçün ondan ayrılmalıdır. Özünün ümmanlıq keyfiyyətini özünə tanıtmaq üçün o, qürbət həyatını yaşamağa məhkumdur. “Bu Damla da o birilər kimi oranın illüziyalarına aludə olarsa, onda necə?!”. Belə ağır düşüncələr Ümmanın əhvalına təsir etdi. O bir qədər düşündü, götür-qoy etdi, Damlasını bağrına basdı. Birdən işıq ucu tapmış kimi: “Mənim sevgim səni müşayiət edəcək”, – deyərək gülümsədi və toxtadı. O bilirdi ki, əziz Damlası təbiətən pak və saf olduğu qədər də iradəli və səbirlidir, lap özü kimi. Bu keyfiyyətlər Yer həyatında onun ən yaxın köməkçiləri olacaqdır. Belə fikirlər Ümmanı fərəhləndirdi, sevgisi cövlan etdi, Damlasını buraxdı. Damla bilməsə də, Ümman bilirdi ki, sevgi hissi üçün heç bir məsafə – zaman, məkan yoxdur. Artıq uzaqlaşmaqda olan Damlanın ardınca dediyi son sözlər nur fəzasında yayılaraq min rənglə bərq vuran kəhkəşana çevrildi. Damlanın eşitdiyi son sözlər bunlar idi: “Qəlbini Yaradana bağlasan, heç kəs onu sındıra bilməyəcək… Səyahətin uğurlu olsun… Vətən səni gözləyir!..”

Mətanət Abdullayeva