Dövlət Sosial Müdafiə Fondu və “№1” çörək zavodu “Uşaq hüquqları aylığı” çərçivəsində şəhid övladları üçün ekskursiya təşkil edib.
“Füyuzat”ın məlumatına görə, ekskursiya çərçivəsində iştirakçılar zavodda çörəyin hazırlanma mərhələlərini və qablaşdırılma prosesini izləyiblər. Eyni zamanda tədbirdə sağlam qidalanma və müasir texnologiyaların istehsalatda rolu barədə məlumat verilib.
Sonra Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Hüquq departamentinin əməkdaşı Nicat Cəfərov Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının qoşulduğu Uşaq hüquqları haqqında Konvensiyada uşaq hüquqları barədə məlumatları diqqətə çatdırıb.
Dövlət Sosial Müdafiə Fondu və “№1” çörək zavodunun birgə təşkilatçılığı ilə reallaşdırılan tədbirdə şəhid övladlarına çörək zavodu və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən hədiyyələr təqdim olunub.
Sonda KFC restoranlar şəbəkəsinin təşkilatçılığı ilə uşaqlar üçün nahar süfrəsi açılıb.






