Zaman və məkandan asılı olmayaraq nə vaxtsa yolunuzu itirdiyinizi düşünmüsünüzmü? Yolumuzu tapmaqda bizə kimlər kömək olub? Uşaqlarmı yolu itirdikdə daha tez tapar, yoxsa böyüklərmi? İnanc yolda addımlamağı, bunu sevməyimi aşılayır, yoxsa qarşıya qoyulan məqsədə varmağımı?
“Böyük hadisələri idarə edə bilmədiyin zaman diqqətini yanında olan sevdiyin şeylərə yönəlt…”
Çarli Makkesinin müəllifi olduğu “Uşaq, köstəbək, tülkü və at” əsərində yolunu itirmiş, mənzilinə varmağa çalışan baş qəhrəmana verilə biləcək ən gözəl tövsiyə də məhz budur. Biz də onun kimi həyatda bəzən yolumuzu itiririk. Əsər yolunu itirən uşağın mübarizədən əl çəkib sakitcə gözləməyi seçdiyi anda köstəbəyi görməsi ilə başlayır. İçimizdəki “əsl mən” kimi köstəbək də yolu gedə bilmək üçün uşağa işıq olur.
“Çox kiçiyəm mən”, – köstəbək dedi.
“Amma çox böyük fərq yaradırsan”, – dedi uşaq…”
Köstəbək bizə özümüzü çarəsiz hiss etdiyimiz anda məqsədimizi unutmamağı, onun üçün hər nə olursa olsun, mübarizədən əl çəkməməyi xatırladır. Bəzən yorula bilərik, “Olmur”, – deyə üsyan edə bilərik, amma nəticədə məqsəd və arzularımızdan əl çəkməməliyik. Aramızda neçə nəfər öz uşaqlıq xəyallarını gerçəkləşdirir, ona sadiq qala bilir? Neçə nəfər, doğrudan da, məqsədinə gedən yolda xoşbəxtdir?
“Kaş ki qorxularımızı daha az, xəyallarımızı isə daha çox dinləyə biləydik…”
Yetərsizlik duyğusu ilə böyüyən insanların önünə həyatda qoyulan ən böyük nemətlər belə onlar üçün əvəzedilməz bir işgəncədir. Daxili harmoniyasını itirən insanlar nəinki xəyallarını, heç qorxularını da dinləyə bilmirlər.
“Çox qəribə deyilmi, sadəcə zahiri görə bilirik, əslində isə hər şey batində, içimizdə baş verir…”
Həyatda ən böyük hədiyyə qarşımızdakı insanın daxili ritmini, harmoniyasını, onun təlatümlərini və durğunluğunu, təlaşlarını və sakitliyini duya bilməyimizdir. Biz bütün insanlar təməl etibarilə eyniyik, fərq sadəcə zehinlərdədir…