Xəbərlər

ÜST: Sudandakı qarşıdurmada 20 mindən çox insan ölüb

Sudanda 2023-cü ilin aprelindən davam edən münaqişə 20 mindən çox insanın ölümünə səbəb olub.

“Füyuzat”ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O, dərhal atəşkəsə və humanitar tədbirlərə beynəlxalq maliyyə dəstəyini artırmağa çağırıb.

Port Sudanda mətbuat konfransında danışan Qebreyesus bildirib: “Mövcud məlumatlara görə, Sudandakı qarşıdurma indiyədək 20 mindən çox insanın həyatına son qoyub”.

Qebreyesus xatırladıb ki, Sudanda 10 milyondan çox insan ölkə daxilində evlərini tərk etmək məcburiyyətində qalıb, daha 2 milyon insan isə qonşu ölkələrə qaçmağa məcbur olub: “Söhbət bu günə qədər dünyada insanların ən böyük daxili yerdəyişməsindən gedir. Fövqəladə vəziyyətin miqyası, eləcə də münaqişənin qarşısını almaq və onun gətirdiyi əzablara qarşılıq vermək üçün görülən tədbirlərin qeyri-adekvatlığı sarsıdıcıdır”.

“Təxminən 25 milyon sudanlı – ölkə əhalisinin yarıdan çoxu hazırda dəstəyə ehtiyac duyur. Onlardan 14,7 milyonunun təcili yardıma ehtiyacı var. Bu yardımlar üçün humanitar sektor 2,7 milyard dollar tələb edir ki, bu da maliyyələşdirilən vəsaitin yarısından azdır.

Biz dünyanı oyanmağa və Sudana yaşadığı kabusdan çıxmağa kömək etməyə çağırırıq. Daimi siyasi həllə aparan atəşkəs dərhal əldə edilməlidir. Əhaliyə yardımın maneəsiz çatdırılmasını təmin etmək, vəba, poliomielit, qızılca və digər xəstəliklərə qarşı peyvənd əhatəsini genişləndirmək, eləcə də humanitar problemlərə reaksiyanı gücləndirmək üçün beynəlxalq ictimaiyyətdən ayrılan maliyyəni kütləvi şəkildə artırmaq lazımdır”, – deyə Qebreyesus yekunlaşdırıb.

Qeyd edək ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri ilə ordu komandiri Əbdülfəttah əl-Burhan və Çevik Reaksiya Qüvvələrinin (RRF) rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. Onların arasında əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılmasının vaxtı və üsulları, həmçinin baş komandan postunu kimin tutması ilə bağlıdır. Keçən il aprelin 15-də Merov və Xartumda RRF ilə ordu arasında toqquşmalar başlayıb və bu toqquşmalar tez bir zamanda Sudanın digər bölgələrinə yayılıb.