Köşə Yazıları Loğman Xəbərlər

Vətən sevməyin quş dili

Deyirlər ki, quşların vətəni yoxdur. Axı onlar hər il payızda güneyə – isti ölkələrə köç edir, yazda isə yenidən geri dönürlər. Harada rahatdır, istidir, orada qalmaq istəyirlər. Bizim ölkədə yaşayan quş başqa bir ölkəyə köçəndə onu vətənsiz hesab edirlər. Hətta deyirlər ki, sərçə ən sədaqətli quşdur. Çünki ömrü boyu yalnız bir ölkədə yaşayır, o bölgəni tərk etmir. Amma, məncə, həqiqət bir az başqa cürdür. Buna insan kimi baxanda belə görünür. Gərək quşun işinə quşun gözü ilə baxasan. Bizim də elə işlərimiz var ki, quşlar ona bizim kimi deyil, quş gözü ilə baxanda çox eybəcər görünə bilər. Yəqin, bu dünyada hər canlının özünə görə vətəni var.

Quşların vətəni isə birdir: onların vətən sərhədləri yoxdur, onlar insanlar kimi vətəni tikanlı məftillərlə bölmürlər. Vətəni doğramırlar. Qartala bir, sərçəyə başqa yer ayırmırlar. Onlara görə, vətən – göylər hamınındır, bütün quşlarındır.

Biz bir bölgədən o birisinə necə gediriksə, quşlar da quzeydən-güneyə, doğudan-batıya elə gedirlər.

Çünki quşların vətəni göylərdir, göylərin isə sərhədi yoxdur.

Quşların vətən sevgisi sonsuzdur deyə vətənlərinin sonu yoxdur.

Azad, sərhədsiz sevgilərindən sərhədsiz vətənləri doğulub.

Sevgiləri elə vətənləridir. Göylər isə onun rəmzidir.

Quşlar ona görə uça bilirlər ki, sevgidən vətən düzəldirlər.

Hər uçuş yeni doğulmuş sevgidən bəhs edir.

Oxumaqlarıdır uçmaqları.

Sevməkləridir uçmaqları.

Yaşamaqlarıdır uçmaqları.

Sevdiklərinə həsr olunmaqlarıdır uçmaqları.

Ona görə də quşlar uçanda göy üzünün olurlar.

Yəqin ki, göylərdən tuta, göy üzünə qona bilmədiklərindən uçmaq öyrəniblər.

Sevdiklərinə qovuşmaq üçün lələkləyiblər, pərvazlanıblar, qanad açıblar.

Quşlar qanadları ilə sevgilərini göy üzü adlı dəftərə yazır, rəsmini çəkirlər. Hər çalınan qanad sözün bir hərfidir, ya da bir sözdür elə. O rəsm-sevgilər göy üzündə – vətəndə qalır. Çünki quşlar bütün sevgilərini vətənə həsr edirlər.

Göy üzü quşların həm də kitabıdır – birinin yazdığını sonrakı oxuyur.

Quşlar başlarının üstündəki göydən vətən düzəldirlər özlərinə.

Nə qədər ucadan uçsalar da, vətən yenə də onlardan yuxarıda, başlarının üstündə qalır.

Ucsuz-bucaqsız, sərhədsiz, azad vətən…

Uçduqca azadlığından doyulmayan məkan.

İnsanların da vətəni göylər kimi olmalıdır.

İnsanların vətəni olanda və insanlar vətənin olmaqdan həzz alanda, qürur duyanda özlərini göydəki quş kimi hiss edirlər.

Quşlardan çox şey öyrənməyə dəyər.

Biz ayağımızın altındakı daşdan-torpaqdan, əlimiz çatandan vətən qura bilmirik.

Torpaqdan tapdaq düzəldirik.

Örən düzəldirik.

Yerdən ev tikirik, yol çəkirik, körpü salırıq, sərhəd düzəldirik.

Yeri alırıq, satırıq.

Tikanlı məftillərlə sarıyırıq.

Hündür-hündür divarlara salırıq.

Vətəndən hissə-hissə, çəpər-çəpər, mülk-mülk kəsib ayırırıq.

Onun vətən olmağını, tamlığını əlindən alırıq.

Sərhədləri dəyişməsə də, qoparıldıqca içindən azalır vətən.

İçindən oyula-oyula gedir.

Sərhədlərindən kəsiləndə kiçilir, içindən qoparılanda isə tükənir vətən.

Vətəndən qoparılandan vətən olmur daha.

Vətəndən qoparılan – vətənin yarasına dönür.

Qoparmaq nankorluqdur, yırtıcılıqdır, yadlıqdır.

Qopardıqlarımızla naşıcasına üstünlüyümüzü təsdiq etmək istəyirik.

Qopardıqlarımızla “fərqlənirik”, “seçilirik”.

Vətəndən daha çox qoparan daha “fərasətli”, daha “əzəmətli” görünür.

Ən çox qoparan ən böyük “vətəndaş” olur.

Dəyərlər dəyişir.

Vətənin sinəsinə çəkilən dağdan isə xəbərimiz olmur.

Vətənin hakimi olmaq istəyi yadlıqdır, vətənə yad gözlə baxmaqdır, özgə münasibətin təzahürüdür.

Biz onun yalnız övladı, əsgəri ola bilərik. Ana-övlad münasibətindən fərqli hər cür yanaşma insanla vətən arasında uçurum yaradır. Belə olanda vətənin dərin mənası əvəzinə yalnız görünən, adi, solğun maddi kölgəsi qalır. Bu isə insanı heç cür kifayətləndirə bilməz.

Ana qucağı ona görə ilk vətəndir ki, insan burada özünün ülvi, ali mahiyyətinə qovuşa bilir, əsl xoşbəxtliyini tapır.

İnsan bütün ömrü boyu anasını yalnız süd verdiyinə görə sevmir ki…

Ana qucağı ölçüləri kiçildilmiş, amma mahiyyəti saxlanmış vətən modelidir.

***

Vətəni özümüzünkü etmək istəyirik.

Vətəni yağmalamaq olar, içindən çapmaq, yontalamaq, qoparmaq olar, amma bununla özünü sevdirə, ona sahib ola bilməzsən.

Vətəni bəzən o qədər içindən qoparırlar ki, vətəndən qalan ancaq sərhəd məftilləri olur.

Vətənin bütün dəyərləri içəridən sərhədə doğru çəkilir.

Vətəni vətənləşdirməyin yeganə yolunu onu mülkləşdirməkdə görürük.

Mülkləşdirmək vətəni bölməkdir, parçalamaqdır, kiçiltməkdir, öldürməkdir.

Sözün bütün anlamında tamlıq ölçüsüdür vətən.

Vətəni özümüzdən ayırırıq, alırıq.

Vətən yeganə varlıqdır ki, hamının olanda hər kəsin olur.

Hər kəs vətəndaş olanda vətən hamının olur.

Yerdən yer düzəldirik, amma göy qura bilmirik.

Çünki quşlar kimi vətənə həsr oluna bilmirik.

Elə bilirik ki, hər şeydə vətən bizə borcludur.

Biz gözləyirik ki, vətən bizim olsun, bizə xidmət göstərsin.

Biz yeri göyə qaldırmağı bacarmırıq.

Yeri Göyə qaldıranda Vətən olur…

Yeri başımızın üstündə tutanda Vətən olur…

Yeri özümüzə gəlir mənbəyi saymayanda Vətən olur…

Yerdən Sevgi Məbədi quranda Vətən olur…

Yeri müqəddəs tutanda Vətən olur…

Quşlara həsəd aparıram.

Ağacsız-budaqsız, dağsız-çəmənsiz göyə, göyün buluduna, şimşəyinə, yağışına, qarına da vətən kimi baxırlar. Qarına, yağışına da sevinirlər, cikkildəşirlər.

Quşlar üstünə qona bilmədikləri yerdən vətən düzəldirlər.

Bu, vətən sevməyin təmənnasızlıq simvoludur.

Yəqin, quşlara görə‚ o yalnız sevilə bilər, çünki yalnız seviləndə vətən olur, vətən kimi yaşanır.

Quşlar faydasını gördüklərinə deyil, sevdiklərinə və həsr olunduqlarına vətən deyirlər.

Göyləşirlər.

Vətən düzəldirlər ki, vətən üçün uça bilsinlər.

Quşlar üçün vətənin bir adı uçmaqdır.

Quşlar üçün yaşamaq vətən üçün uçmaqdır.

Axı vətənsiz uçmaq olmur.

Uçmaq azadlığın, Göylər isə vətənin ülvi, ali, sonsuz mahiyyətinin rəmzidir.

***

Yəqin ki, bizim qanadlarımız yoxdur deyə yeri göyə qaldıra bilmirik.

Yeri qanadlarımız çıxana qədər sevə bilmirik.

Ağacını kəsirik, suyunu içirik, gülünü qoxulayırıq, amma onların elə vətən olduğunun fərqinə varmırıq.

Torpağını əkəndə şumuna, gülünü qoxulayanda ətrinə, meyvəsini dərəndə ağacına, suyunu içəndə çay-çeşməsinə, dağına boylananda dumanına dönə biliriksə, vətən elə özümüzük.

Vətənin hər yeri bizimdirsə, onun hər yerində də biz olmalıyıq, vətənin hər yeri olmalıyıq.

Özümüzü vətən yerində görə, vətənin dar günündə özümüzü vətənin yerinə qoya bilmiriksə, vətənsizik.

Vətən itirdikcə özümüzü itiririk.

Vətənləşə bilmirik.

Vətəni içimizə çağıra, içimizdə tuta, əzizləyə bilmirik.

Torpağı, daşı, çiçəyi başımız üzərinə qaldıra, qoruya bilməyəndə torpaqdan, çiçəkdən, daşdan vətən olmur – nə qədər gözəl görünsələr də…

Əsl ömrün adı vətənləşməkdir.

Bir vətən ömrü yaşamaqdır.

Bir ömür vətən olmaqdır.

Yaşamağın məqsədi vətənə çevrilməkdir.

İnsan özü boyda vətən ola bilmirsə, içində vətən boyda vətən daşımırsa, insan kimi xoşbəxt olması mümkün deyil.

***

…Quşlardan öyrənməli çox şey var.

Bu, vətən sevməyin quş dilidir.