Sevginin ən alisi hansıdır? Zərrələrini fəda etmək, özündən keçə bilmək sevginin müqəddəsliyini göstərən incə cizgidirmi? Ən ali sevgini kim dada bilər? İnsanın özündən arınıb qəlb evində olan o saf sevgisini mücərrəd olan başqa bir nəsnəyə köçürə bilməsi, orada həyat tapması, yaşıllanıb qol-budaq atması mümkündürmü? Bütün üçün bir olmağın verdiyi o kəhkəşanlı duyğunu tək bir kəlmə ifadə edə bilərmi? Xoşbəxtliyi sonsuz azadlıqla – vətən üçün can qurban verməklə bərabər tutan İslam öz yurd sevgisi ilə Zəkiyyəyə də işıq tuta biləcəkmi?
Türkiyə ədəbiyyatının məşhur simalarından olan Namiq Kamalın “Vətən, yaxud Silistrə” əsəri təlqin etdiyi ideyalar baxımından zamanında nə qədər parlaq ədəbi nümunə idisə, dövrümüzdə də bir o qədər öz aktuallığını qorumaqdadır. Əsərdə hadisələr Krım müharibəsi dövründə – 1853-cü ildə cərəyan edir. Vətənsevər İslam bəyin və Zəkiyyənin sevgilərinin filizlənməsi fonunda vətən, millət, yurd sevgisi, hürriyyət, istiqlal amalları oxuculara daha bədii şəkildə çatdırılır. Bütün bu amallardan ən alisi – vətən sevgisi ilə yanıb-tutuşan İslam bəy öz sevgisini Zəkiyyəyə izhar etdikdən sonra yurda vətəndaşlıq borcunu qaytarmaq üçün müharibəyə yollanır.
“Məni sevən arxamca gələr” – İslam bəyin əsgərlərini döyüşə ruhlandıran bu cümləsini eşidən Zəkiyyə sevdiyindən ayrı qalmağı gözə ala bilmədiyi üçün bir an belə tərəddüd etmədən onunla birgə əsgər qiyafəsində cəbhəyə yollanır. Zəkiyyəni olduğu yerə bağlayan heç bir səbəbin olmamasının – atasının müharibədə itkin düşməsi, anasını, qardaşını itirməsi, ümidini yalnız sevdiyi insana bağlaması – bütün bunların cəmində isə həyatın onun üçün yeni bir yol – hələ yeni tanış olmağa başladığı sevginin başqa halını dadmağa imkan yaratmasının şahidi oluruq.
Hadisələrin Silistrə qalasında cərəyan etdiyi hissələrdə əsərin yeni personajları ilə tanış oluruq. Sıtqı bəy, Abdulla çavuş, Rüstəm bəy və digər vətənpərvər şəxslərin simasında yüzlərlə könüllünün hətta bircə saniyə belə düşünmədən canını vətən üçün fəda edə biləcəkləri göstərilir. Onlar arasında diqqətçəkən obrazlardan biri də Sıtqı bəydir. Rüstəm bəyin miralay Sıtqı bəyi köhnə dostu Əhməd bəyə oxşatması ilə başlanan söhbətin fonunda belə məlum olur ki, illər əvvəl orduda xidmət edən ortaq dostları – Əli bəy öz komandirini ailəsinə qarşı etdiyi namussuzluğa görə öldürdüyündən hərbi məhkəmə tərəfindən mühakimə olunaraq ölüm hökmü ilə cəzalandırılır. Hökmü yerinə yetirməksə Əli bəyin dostu Əhməd bəyin başçılıq etdiyi hərbi hissəyə tapşırılır. Əhməd bəy buna etiraz etdiyindən xidmətdən uzaqlaşdırılır. Bu utancla ailəsinin də yanına qayıda bilməyən Əhməd bəy Hicaza gedir. Burada yeni adla, sıfırdan başlayaraq miralay rütbəsinə qədər ucalır. Sonda məlum olur ki, illər öncə itkin düşdüyü bilinən Əhməd bəy Zəkiyyənin atası – indiki adı ilə elə Sıtqı bəydir. Uzun zaman öncə baş verən hadisənin üzə çıxması nəticəsində yenidən ordudan xaricolunma qorxusu ilə yaşayan Sıtqı bəy onu tanıyan Rüstəm bəydən bu barədə heç kimə məlumat verməməyi rica edir.
Sıtqı bəy illərlə güvəndiyi başqa bir dostu vasitəsilə ailəsindən tez-tez xəbər tuturdu. Həyat yoldaşının, oğlunun vəfat etdiyini öyrənən Sıtqı bəy 14 aylıq ikən ayrıldığı Zəkiyyənin də bu yaxınlarda “itkin düşdüyü” xəbərini qızının da dünyadan köçməsi kimi anlayır, dostunun ona qıymadığı üçün yalan dediyini düşünür. Sıtqı bəy özünü Adəm olaraq tanıdan könüllü əsgəri ölmüş oğluna bənzədir. Lakin hələ bir müddət onun əsgər paltarında, görkəmini dəyişdiyi üçün qızı Zəkiyyə olduğunu bilmir.
Hadisələrin sonrakı gedişatında İslam bəyin döyüşlərdə yaralandığını, daha sonra sağalaraq yenidən ordu sıralarına döndüyünü, bu dövrdə Zəkiyyənin həmişə onun yanında olduğunu görürük. “Vətən yolunda ölmək min il yaşamaqdan daha xeyirlidir” şüarını özlərinə deviz bilən Silistrə qalasının müdafiəçilərindən çoxu şəhid olsa da, “Biz bir ölüb, min dirilərik”, – deyərək döyüşlərə davam edirlər.
Əsərdə Silistrə qalasının müdafiəçilərinin düşmənə qalib gəlməsi, işğalçını geri çəkilməyə məcbur etməsi və bununla da sonda olacaq mütləq qələbə fonunda vətənin parçalanmasının dayandırılacağına ümid əks olunur.
Namiq Kamal yaratdığı baş qəhrəman – İslam bəyin vasitəsilə vətən haqqında öz düşüncələrini dilə gətirir:
“…Düşmənin silahı ətimizi sümükdən ayıracaq, ancaq canımızı vücudumuzdan ayıra bilməyəcək. Fələk bir yumurtadan çıxmış heyvanları, yan-yana olan dövlətləri, ən yaxın yaradılmış dünyaları dağıdacaq, amma biz yenə bərabər olacağıq. Biz vətən üçün hər dəqiqə ölümə qaçırıq, amma ölmürük. Demək, vətənə xidmət üçün yaradılmışıq…”
Kiçik sevgilər hər zaman daha böyük sevgiləri anlamaq, ona bürünmək, onda yox olmaq və yenidən daha əzəmətli sevgi ilə doğulmaq üçün vardır. Sevgi zərrəcikləri hər zaman bütünə, kamilə xidmət üçün mövcuddur. Zəkiyyənin vətən sevgisi də beləcə adi insana sevgidən doğularaq böyüdü, tamlaşdı. Zəkiyyə əsərin sonunda ən azı İslam bəy qədər vətən sevgisi ilə alışan bir obraza çevrildi.
Təlqin etdiyi fikir, aşıladığı hiss və vətən sevgisi baxımından bu əsər milliyyətindən asılı olmayaraq oxuyan hər kəs üçün yurd sevgisini özündə daşıyan bir manifestdir.