Xəbərlər

Vaqif Əlixanlı vəfat edib

Dramaturq, yazar və jurnalist Vaqif Əlixanlı vəfat edib.

Bu barədə “Füyuzat”a mərhumun qızı Zərif Məmmədova məlumat verib.

O bildirib ki, Vaqif Əlixanlı uzun sürən xəstəlikdən əziyyət çəkirmiş. O, səhər saatlarında dünyasını dəyişib. Mərhumla vida mərasimi “Təzəpir” məscidində baş tutacaq.

Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub. Hərbi xidmətini başa vurduqdan və universiteti bitirdikdıən sonra, 1968-ci ilin avqustundan əvvəlcə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb.

“Bulaq” və “Dünyanı bəzəyənlər” radio verilişlərinin yaradıcılılarından biri olub. 1976-cı ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib.

1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə “İncəsənət və Teatr” şöbəsinə baş redaktor, bir il sonra nazirliyin “Teatr və Konsert müəssisələri” idarəsinə rəis təyin olunub.

1991-ci ildə SSRİ-ın süqutundan sonra yenidən – AzTV-yə qayıdır. Televiziyanın “Xəbərlər”, daha sonra isə “Ədəbi-Dram” studiyasının direktoru vəzifəsini ləyaqətlə yerinə yetirir. Vətənpərvər ruhlu, yaddaqalan – “Qırxıncı otaq”, “Sarı sim”, “Nəbz” verilişlərilə tamaşaçı rəğbətini qazanıb.

1993-cü ildə Radioda Xalq yaradıcılığı baş redaksiyasını yaradır və orda baş redaktor kimi yaradıcılığına davam edir. Sonrakı illərdə “Space”, ABBA, “Lider”, hətta qısa müddət “ANS” TV-də də baş redaktor vəzifəsində çalışıb.

2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan “Qobustan” incəsənət jurnalının Baş redaktoru olub.

Yazıçılar, Jurnalistlər Birliyinin, Teatr Xadimləri İttifaqının üzvü olub.

1991-ci ilin yanvarında AzTV-nin “Vətənpərvərlik” ruhunda yazılan ən gözəl əsər-müsabiqəsinin laureatı olub. Daha sonra “Mövlanə” Beynəlxalq müsabiqəsində “Dünyanın Mövlanəsi” pyesi II yeri tutub və əsər Türkiyənin “GÜAM” Beynəlxalq dərgisində çap olunub. Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Erix Mariya Remark, Çingiz Aytmatov, Ernest Heminquey və başqa yazarların əsərləri əsasında televiziya və radio pyesləri mavi ekranda və efirdə verilmişdir. Onun bədii tərcüməsində V.Rasputinin “Axır zaman”, T.Uilyamsın “İstək tramvayı”, A.Kondratyevin “Saşka”, Rüstəm İbrahimbəyovun “Biganələr oteli” və Alber Kamyunun “Qismət” pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. 2011-ci ilə Gənc Tamaşaçılar Teatrı Vaqif Əlixanlının “Əcəl atı” əsərini tamşaya qoyub. Əsər Azərbaycan televiziyasında da nümayiş etdirilib. 2000-ci illərdə Çingiz Aytmatovun “Qiyamət” (“Plaxa”) əsərini tərcümə və çap etdirən yazıçının, 2013-cü ildə “Əkmə qəm ağacı” kitabı işıq üzü görüb. 2013-cü ilin sonunda yazıçının 70 illik yubileyi AzTV-də təntənəli surətdə qeyd edilib.