Ədəbiyyat Xəbərlər

Vaqif Səmədoğlusuz 11 il…

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, ictimai xadim Vaqif Səmədoğlunun vəfatından 11 il ötür. Onun zəngin poetik irsi, dərin fəlsəfi düşüncəyə söykənən yaradıcılığı və bənzərsiz ifadə tərzi müasir ədəbiyyatımızda özünəməxsus yer tutur. Vaqif Səmədoğlunun poeziyasında insanın daxili aləmi, zaman, həyat, tənhalıq və mənəvi dəyərlər incə duyğularla əks olunur.

Şairin əsərləri bu gün də аktuallığını qoruyur, geniş oxucu auditoriyası tərəfindən maraqla oxunur və yeni nəsillərin dünyagörüşünə təsir göstərir. Onun söz dünyası Azərbaycan ədəbiyyatının yaddaşında daim yaşayacaq.

İndi isə sizlərə Vaqif Səmədoğlu dünyasından üç şeiri təqdim edirik:

Mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.
Dalamır indi məni
nə illərin
başyuxarı axarı,
nə də ömrün
üzüqoylu axırı.
Bilirəm,
yer üzündə bütün izlər
ömürdən gedir,
dəniz belə gözdən itir.
Bilirəm,
yer üzündə
bir yol da salınmadı
insan gözündən.
Tapılmadı itənlər.
Mənsə gah həyata,
gah ölümə səbəb gəzirəm.
Yaşayıram, dözürəm.
Bir misra da, bir gecə də.
Çünki
mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.

***

İnsanların hamısı gözəldir, hamısı,
həmişə yox ancaq.
Hər nə uydururmısa,
sonradan görürəm olub dünyada.
Nə saatın, nə zamanın rəqəmlərinə
uyma, aldanma, qardaşım,
yeni eradan əvvəl yaşayırıq hamımız…
Göz yaşı dənizindən tutulan balıq
tarix dadındadır.
Biz unutmuşuq hər şeyi,
ancaq hər şey Allahın yadındadır.
Hər gün yüz kərə irəli sıçramaqdansa,
bütün ömrün uzunu
cəmi bircə addım kənara atıb
bir daş üstə otur.
Oturub göy üzünə,
və yollara bax.
Dünyada ən qədim şey göy üzüdür,
ən köhnəlmiş şey – yollar…

***

Bir yol görmədim dönməsin,
Bir şam görmədim sönməsin.
Allah mənə dil versə,
Niyə danışıb, dinməsin?
Çiçək dərmək istəyirəm,
Dəniz görmək istəyirəm,
Mən də bir az bu dünyada,
Ömür sürmək istəyirəm.
Sinə dağlamaq üçündür,
Qapı bağlamaq üçündür,
Gülüşlə başlanan günün,
Sonu ağlamaq üçündür…
Şimşək niyə göydə çaxır?
Çay neçin dənizə axır?
Yad gözü heç, öz gözlərim
Mənə hər gecə yad baxır…