Ey çeşmimin önündə mücəssəm vətən, vətən!
Qəlbim kimi ələmlərə həmdəm vətən, vətən!
Fikrim sarayını dolaşırsan zaman-zaman,
Qanlı kəfənlə dərd ilə toəm vətən, vətən!
Baxdıqca həsrət ilə o solğun camalına,
Çeşmimdə tar görsənir aləm, vətən, vətən!
Axşam-səhər o gül üzünü isladan nədir?
Göz yaşlarınmı, yoxsa ki, şəbnəm? Vətən, vətən!
Dəhşət içində cismi-şərifin donub durur,
Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən!
Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,
Möhnət evi sanır onu adəm, vətən, vətən!
Sənsən səbəb bəqayi-dilu cani-natəvan,
Canım kimi nolar səni sevsəm, vətən, vətən!
Gördükcə dərdini əriyir cismi-natəvan,
Neytək sızıldayır dili-pürqəm, vətən, vətən!
Qarşımda dərd, matəmə batmış gözəl mələk,
Səslər həzin səda ilə hərdəm, vətən, vətən!
Ey xaki-pak, söndümü parlaq ziyaların?
Oldunmu zülmə, möhnətə həmdəm, vətən, vətən?
Övladi-naxələfmi səni saldı bu günə?
Eyvah, bu dərd, möhnətə dözməm, vətən, vətən!
Aç, aç o qəmli köksünü, ey məxzəni-məlal,
Bas bağrına bu Şaiqi möhkəm, vətən, vətən!
Toəm – əkiz, bənzər
Tar – qaranlıq
Bəqayi-dil – əbədi ürək
Cismi-natəvan – zəif bədən
Dili-pürqəm – qəmlə dolu ürək
Məxzəni-məlal – qəm xəzinəsi
Abdulla Şaiq



