Ədəbiyyat Xəbərlər

Vətən əbədi qoruqdur

Vətəni sevmək azdır,
Onu qorumaq gərək.
“Vətənim” demək azdır,
Vətənin olmaq gərək.

Onun adi torpağı
Ruhdan, candan irəli…
O, anadan qabaqdır,
O, atadan irəli…

Övlad gərək vətənə,
“Vətəndir yol” deyirlər…
Ona qurban gedənə
“Əsl oğul” deyirlər…

Onun əvəzi olmur,
O hər kəsdən irəli.
Gözdən əzizi olmur,
Vətən gözdən irəli…

Adi quşcuğazın da
Ola Vətəni gərək.
Vətəni sevmək azdır,
O sevə səni gərək…

Nə vaxt viran olur o,
Zülmət gəzir üzündə:
Cığırını, yolunu
Yad çəkmələr əzəndə…

O nə zaman bölünər,
Nə vaxt çıxar əlindən?
Ləhcəsinə, dilinə
Yad ləhcələr girəndə…

O keçməz əldən-ələ,
O, əbədi diləkdir.
Qara tikanı belə
Yenə Vətən deməkdir…

Fərqi yoxdur azca da;
Ya kiçik yalı getdi,
Ya bir quru ağacı,
Ya bir mahalı getdi…

O, daimi namus, ar,
O, əbədi qoruqdur.
Ürək quş kimi uçar,
Onu əldən buraxdın…

Bilir ərlər, ərənlər,
Vətənə tay olmayır,
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır.

Cabir Novruz