Səni küsdürməsin boş danışıqlar,
Göz önündə böyük bir məfkurə var.
Onu tut, onunla yürü irəli.
Sən dünyada axan böyük selləri
Buraxıb sızlayan, əriyən, axan,
Axışı insanı məlul buraxan
O əzif, o cılız sulara baxma!
Hər duyğu oduna könlünü yaxma!
Deyirlər: toz qopar qaya uçanda,
Həmən şey olmuşdur indi cahanda.
Sən böyük şeylərə çevir üzünü,
Gələcək günlərə söylə sözünü.
Şair, səndə böyük bir qüvvə vardır,
Gizli xəznələrə dilin açardır.
Mikayıl Müşfiq



