Tarix

Vətənin ruhuna yazılan zəfər

Vətən – xalqın keçmişini, kültürünü bağrında və ruhunda qoruyub yaşadan müqəddəs torpaqdır. Elə bir yurd ki, Cavanşirlər, Babəklər yetirib. Elə bir məkan ki, Dədə Qorqud kimi hikmət abidəsi deyimləri ilə sözün-kəlamın qüdrətini torpağın sinəsinə həkk edib. Ad qoyduğu igid oğulların and yeri olan vətənimizin hər qarış torpağı şəhid qanı ilə yoğrulub. Azərbaycanın hər bir guşəsi millətimizin kimliyini daşıyır. Amma yurdumuzun elə bir guşəsi var ki, həm ən gözəli, həm ən dərdlisi, həm də ən ağrılısıdır – Qarabağ…

Bəli, qoynunda göz oxşayan al-əlvan çiçəkləri, Xarı bülbül kimi bənzərsiz gözəlliyi, dağların sinəsindən süzülüb gələn sərin çayları olan cənnət bir məkandır Qarabağ. Natəvan, Bülbül, Üzeyir Hacıbəyli kimi onlarla söz-sənət adamlarının məmləkəti, ruhun dərinliklərinə toxunan musiqimizin beşiyi olan bu gözəl diyar tarixin hər dövründə içimizdə qanayan yara olmuşdur.

Zamanla kürəyimizə sancılan bu xəncər yarası getdikcə daha da dərinləşdi, gündüzlərimizi kədərli, gecələrimizi yuxusuz etdi. Böyük bir həsrətə çevrildi. Lakin bu nisgilin bitəcəyinə inandıq. Etdiyimiz dualar, qan gölünə çevrilən göz yaşlarımız, analarımızın fəryadı hədər olmadı. 30 il ürəyimizi dağlayan bu acı, bu susqunluq 2020-ci ilin payızında – 27 sentyabrda haqq savaşına çevrildi.

“Azadlıq!” sədası yenidən səmaya ucaldı, xalq ayağa qalxdı. “Qarabağ Azərbaycandır!” dedi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, vətən oğullarının rəşadəti və xalqın inamı – hamısı dəmir yumruqda birləşdi. Bu yumruq elə bir qüdrətə çevrildi ki, illərlə içimizdə yığılan həsrəti, qəzəbi parçalayaraq düşmənin bağrını yardı. Beləcə, dövran dəyişdi. Biz bir daha nəyə qadir olduğumuzu, bu yumruğun təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının birliyinin simvoluna çevrildiyini sübut etdik. Bu həm də Turana gedən yolda sehirli bir açar oldu.

Vüslətə çatacağımız günə qədər ordumuz yalnız silahla deyil, iman gücü, vətən eşqi və milli ruhla savaşdı. Onların gücünə şəhid analarının könlündən süzülən dualar, şəhidlərimizin pak ruhları və xalqımızın sarsılmaz birliyi qüvvət verdi. Nur üzlü analar göz yaşlarının hər damlasını “Vətən sağ olsun!” deyə axıtdılar. Ürəyində fırtınalar qopsa da, dağ kimi əyilməz şəhid ataları sükutla, başıuca oğullarını vətən torpağına əmanət etdilər. Bu əyilməz qürur ön cəbhədəki digər əsgərlərin cəsarətini artırırdı. Arxa cəbhə isə bununla kifayətlənmədi. Jurnalistlər qələmi silah əvəzi işlədib yazdıqca yazdı, müəllimlər şagirdlərinə həqiqəti dəfələrlə söyləməkdən çəkinib usanmadı. “Əl-şafi” isminin daşıyıcısı olan həkimlərimiz şəfa verən əlləri ilə yaralıları həyata qaytardılar. Daha neçə belə fədakarlıq göstərən həmvətənlərimiz savaşın unudulmaz nəfərlərinə çevrildi.

Haqqın mübarizəsində qandaşını yalnız qoymayan qardaş Türkiyə də canımıza can, səsimizə səs oldu. Sonadək yoldaş olduğumuzu nəfəsimizə nəfəs verərək bir daha hiss etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” mesajı bütün Türk dünyasının qəlbində döyünən qardaşlıq hissini coşdurdu. “Bir millət – iki dövlət” olduğumuzu yenidən dünyaya hayqıraraq tarixin səhifələrində silinməzliyini qorudu.

44 günlük döyüş meydanı atəş, top səsləri və mərmi partlayışlarının hakim olduğu bir alov dənizinə çevrilmişdi. Hər tərəfi ağuşuna alan bu dəniz düşmənlərə yer üzündə cəhənnəmi xatırladırdı. Qulaqlarda güllələrin uğultusu, göyün, torpağın titrəməsi, rəhmət nuru ilə aydınlanan ürəklərdə isə qazanacağımız qələbənin əzmi eşidilirdi. Torpağın bağrında yatan əcdadlarımızın ruhu da buna sevinirdi. Bu ruh səngərlərdə dayanan əsgərlərimizə sonsuz, qorxunu yox edən güc verirdi. Bu güc – vətənə olan sarsılmaz, bitməz sevgi nümunəsi idi. Həmin o ülvi güc milli qürurumuz üçün dəyərli və müqəddəs iz buraxdı.

Döyüş meydanında od yağmuruna məruz qalan mənfur düşmən hər vuruşda çaqqal kimi gizlənirdi. Cəsarətsiz, ürkək olan bu məxluqlar silahlarını atıb dəliklərinə qaçırdı. İnam silahı və nərələri ilə dağı, daşı lərzəyə gətirən aslanlarımız düşmənin son nəfəsini elə yuvalarındaca kəsdi. Beləcə, kafirləri pərən-pərən edən oğullarımız üçrəngli bayrağı namusları bilib 44 günün içində Qarabağın ən uca zirvələrində dalğalandırdı. Döyüş meydanı qanla və mərdliklə yazılmış şanlı zəfərimizin canlı şahidi oldu.

Əsgərlərimiz canlarını doğma torpağımızın azadlığı uğrunda qurban verib şəhadət şərbəti içərək ən yüksək məqama yüksəldilər. Bu məqamları ilə onlar yalnız xətirələrdə deyil, hər birimizin qəlbində yaşayır və yaşayacaqdır. Qeyrət nişanını köksündə daşıyan fədailərimizin göstərdiyi igidlik əbədiləşəcəkdir. Onların hər sətrini qanla yazdığı bu müqəddəs dastan əsrlər boyu qürurla oxunacaqdır.

Qarabağ zəfərini qazanaraq millətimizin alnından qara ləkəni təmizləyən şəhid və qazilərimizin adını umutmaq böyük qəbahətdir. Axı savaş meydanından sağ dönən, amma ruhunda döyüşün izlərini daşıyan ərənlərimizə hörmət mənəviyyat borcumuzdur. Beləcə, zəfər salnaməmizdə misilsiz rolu olan hər bir qazi, şəhid – baş tacımız, qürur mənbəyimiz olaraq qalacaqdır.

Biz gənc nəsil olaraq bu müqəddəs əmanəti əmin əllərdə, təmiz qəlblərdə daşımalıyıq. Verəcəyimiz qərarlarda, keçirəcəyimiz iclaslarda, düşüncələrimizdə bu məfkurəni yaşatmalıyıq. Çünki bu bizim şərəf borcumuzdur.

Məryəm Hacıyeva