Xəbərlər

WSJ: Şimali Avropa ölkələri NATO-ya alternativ blok yaradır

“İsveç, Finlandiya, Danimarka və Norveç ABŞ-dan daha az asılı olmaq üçün təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirirlər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” ekspertlərə istinadən yazır.

Nəşrin sözlərinə görə, Şimali Avropanın dörd ən böyük ölkəsi hərbi resursları birləşdirərək yeni regional təhlükəsizlik arxitekturası yaradır. İsveç sualtı qayıqlar, tanklar və səsdən sürətli döyüş təyyarələri istehsal edir, Norveç isə dənizdə müşahidə və Arktikada döyüş imkanlarını təmin edir. Finlandiyada Avropanın ən böyük daimi ordusu və artilleriyası var, Danimarkada isə Əfqanıstan və İraqda təcrübə qazanmış xüsusi təyinatlılar var.

ABŞ kəşfiyyatının keçmiş baş analitiki Erik Siaramella qəzetə deyib: “Belə bir regional qruplaşma Almaniya kimi tam inteqrasiya olunmuş hərbi sənaye bazası yaratmaq üçün iqtisadi və resurs potensialına malikdir”.

Öz növbəsində Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Matti Pesu nəşrə müsahibəsində qeyd edib ki, Nordic bloku digər ölkələr qrupları üçün nümunə ola bilər. O, ABŞ prezidenti Donald Trampın ölkəni Şimali Atlantika alyansından çıxarmaqla hədələdiyini xatırladaraq deyib: “Bu, NATO-nun işə yaramayacağı təqdirdə ehtiyat plandır”.

Xatırladaq ki, 2023-cü ildə İsveç, Finlandiya, Danimarka və Norveç hava qüvvələrini birləşdirərək, birgə hava qüvvələri komandanlığı yaradıblar. 2024-cü ildə isə Nordic Müdafiə Əməkdaşlığı çərçivəsində 2030-cu ilə qədər ümumi müdafiə konsepsiyası hazırlayıblar.