Xəbərlər

Xaçmazın “Ulduzlar”ı səhər yeməyində görüşdülər

Artıq 65 ildir Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin növbəti toplantısı ənənəvi qaydadan kənar keçirilib. Budəfəki toplantı səhər yeməyi süfrəsində təşkil edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə BAYRAQDAR MEDİA məlumat verib.

“Azərbaycan Respublikasının Əməkdar jurnalisti Azər Həsrətlə səhər yeməyi” adı altında keçirilən tədbir iştirakçıların da ürəyincə olub.

Tədbirdə Xaçmaz rayonunda ədəbi mühit, yazarların təşkilatlanması, istedadlı şəxslərin aşkara çıxarılaraq inkişafına təkan verilməsinin yolları haqqında danışılıb.

Məclisin baş katibi Aqşin Dadaşoğlu qeyd edib ki, bundan sonra “Ulduzlar” öz toplantılarını yeknəsəq iclas şəklində deyil, daha cəlbedici və rəngarəng keçirəcək.

Məclis üzvlərini ev sahibi qismində salamlayan Azər Həsrət də bölgədə ədəbiyyatla bağlı böyük imkanların olduğunu, lakin bu imkanlardan yetərincə istifadə edilmədiyini vurğulayıb. O, deyib ki, bundan sonrakı mərhələdə daha da səfərbər olunmaq və mümkün qədər keyfiyyətli yaradıcılığa üstünlük vermək lazımdır.

Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbəri, tanınmış şair Ramiz Qusarçaylı toplantıya telefonla qoşularaq ürək sözlərini deyib. O, uzaqda olması səbəbindən belə bir məclisə qatıla bilməməsinə təəssüfləndiyini, bununla belə ədəbi yaradıcılıq məsələlərində hər zaman layiqli insanların yanında olduğunu qeyd edib.

Yemək süfrəsində “Ulduzlar”ın baş katibi Aqşin Dadaşoğlu ilə yanaşı AYB və AJB üzvü olan şairlər, gənc yazarlar öz əsərlərini təqdim ediblər.

Sırasıyla Məmməd Qədir, Cümşüd Aydəmir, Səyyad Sərraf, İbrahim Ağçaylı, Firudin Həvəskar, Gözəl Azayeva, qəzəlxan Mövlan Şahid, gənc şairlər Səməd Asifoğlu, Kənan Rahi şeir və qəzəllər səsləndiriblər. Həmçinin bloger Osman İmamov çıxış edərək maraqlı təşəbbüs olan yeniliyi təqdir etdiyini deyib.

Eyni zamanda məclisdə Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova və Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva iştirak edib. Onlar da öz çıxışlarında Xaçmazın ədəbi potensialının düzgün dəyərləndirilməsinin vacibliyindən danışıblar. Hər iki çıxışçı xüsusi olaraq vurğulayıb ki, dövlət, o cümlədən də mədəniyyət qurumları qələm adamlarına diqqətlə yanaşır. Bu isə əlavə imkanlar açır.

Çıxışlar zamanı Aqşin Dadaşoğlu, Azər Həsrət, həmçinin digər şəxslər ədəbiyyat adamlarına göstərilən diqqət və qayğıya görə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə təşəkkür ediblər. Vurğulanıb ki, o, işlərinin çoxluğuna baxmayaraq daim ədəbiyyat adamlarını da diqqətdə saxlayır, onlara xüsusi qayğı ilə yanaşır.