Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı oktyabrın 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı təşkil olunub.
“Füyuzat”ın məlumatına görə, sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsindəki rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlunun bildirdiyinə görə, builki sərgidə 23 ölkədən (Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) 68 təşkilat və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edəcək.
O həmçinin çıxışında sərgi il: “XI Bakı Beynəlxalq Kitab Sərgisi indiyədək ən çox xarici iştirakçının olduğu sərgi kimi tarixə düşəcək. İspaniya, Küveyt və İndoneziya isə ilk dəfə olaraq sərgidə iştirak edəcək. Sərgi çərçivəsində 7 gün ərzində təqdimat zonalarında, stendlərdə və konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılıb. Burada uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgidə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər”.



