Ədəbiyyat Könül Bünyadzadə

Xoşbəxtlik

Hər kəsin xoşbəxtliyi onun könlü qədərdir.

Bir körpənin təbəssümü niyə bu qədər işıqlı, sirayətedici, səmimi, ürəkdolusu olur Niyə körpələr ən kiçik şeydən belə xoşbəxt olmağı bacarırlar? Əslində, körpələri xoşbəxt edən onların könüllərindəki nurdur – hələ çirklənməmiş, kobud qalıqlar altında gizlənməmiş… Bu nur nəyin üzərinə düşsə, onu da nurlandırar. Yəqin, buna görədir ki, körpənin təbəssümündən hər kəsin üzü də açılır, könlü də.

İnsan böyüdükcə, qayğıları artdıqca… könlü yaddan çıxır. Hər şey – məişət qayğıları, vəzifə, mal-dövlət, övlad yadında qalır. Hər şeyin yanında könülə elə az yer qalır ki… Onun nurunu görmək, sevinmək, sevindirmək elə çətinləşir ki… Hələ bu nur bütün gün düşüncəni məşğul edənləri, gündəlik həyatını, cəmiyyətin özünü sənin ruhuna, könlünə yad bir rəngdə olduğunu göstərirsə, sevinmək, xoşbəxt olmaq lap çətinləşir.

Könüllə sevinmək çətinləşdikcə, “uşaq böyüdükcə” insan məcbur olur “böyüklər” kimi sevinsin – diplom alanda, övladı olanda, çoxlu pul qazananda, yüksək vəzifəyə qoyulanda, kitabı işıq üzü görəndə… Sevinir və xoşbəxt olur. Olurmu? Olur, amma xoşbəxtliyinin ipi onu xoşbəxt edən şeyin əlində olur. O da istədiyi vaxt çəkib boğur sənin xoşbəxtliyini. İynə olub xoşbəxtliyini şar kimi partladır. Sən də bu anın qorxusunu çəkə-çəkə “xoşbəxt” olursan.

Sabun köpüyü kimi yox olan “xoşbəxtliklərə” baxanlar bəzən deyirlər: bu dünyada sevinc, xoşbəxtlik elə azdır ki!..

Əslində isə bu dünyada xoşbəxtlik o qədərdir ki!.. Amma könül gözü ilə baxsanız, onu görərsiniz! Könlünüzün nuru nəyə düşsə, onu işığa qərq edər! Lap körpələr kimi…

Allah öz nurundan bir nur payı ayırıb sevə-sevə insana verdi, adını ruh qoydu. Bu nurun gözəlliyini duymaq, doya-doya yaşamaq üçün bir könül verdi. Könülün yaşadıqlarını, Allahdan aldığı hikməti dərk edib başqaları ilə bölüşmək üçün bir ağıl verdi. Ruh, könül, ağıl – hər üçü bir-birini tamamlayanda, bir-biri ilə dil tapanda möhtəşəm bir harmoniya, gözəllik yarandı. İnsan bu gözəlliyin adını xoşbəxtlik qoydu. Bu üçündən ən xoşbəxt olanı isə, yəqin ki, könüldür. Onun xoşbəxtliyini artıransa hər ikisi ilə bölüşməsi, harmoniyanın yaranmasına səbəbkar olmasıdır.