Köşə Yazıları Ləman Vahid

Xoşbəxtlik qayğıları və ya anın hikməti

Niyə biz heç nədən razı qalmırıq? Niyə yetinməyi bacarmırıq? Niyə xoşbəxt anlarımızın fərqinə varmırıq? Niyə bizə bəxş edilən bütün nemətlərə baxmayaraq, yetərincə şükür etmirik?..

Biz xoşbəxtliyi həmişə uzaqlarda, gələcəkdə axtarırıq. Gələcəyi düşünür, bu düşüncələrə o qədər qərq oluruq ki, dünənimizin gələcəyi olan bu günümüzün gözəlliklərini görə bilmirik. Xoşbəxtliyin gələcəkdə gizli olduğunu və onu bir gün tapacağımızı düşünürük. Dostoyevskinin diliylə desək: “İnsan xoşbəxtliyi uzaqlarda axtarır, halbuki o hər gün bir az içimizdən keçib gedir”.

Həqiqətən də, elədir. Xoşbəxtlik bizim gündəlik həyatımızdan işıq sürəti kimi keçib gedən anlarda, dəqiqələrdə gizlidir. Təəssüf ki, biz bunların dəyərini anlayanda çox gec olur.

İnsan doğulduğu gündən yeni nələrsə əldə etmək, məqsədlərinə çatmaq uğrunda mübarizə aparır. Bəzən bu mübarizədə biz özümüzü, ailəmizi, ətrafımızdakıları, həyatdan zövq almağı, xoşbəxtliyi unudur, ürəkdən gülməyi, sevinməyi, ağlamağı yadımızdan çıxarırıq. Bəzən gündəlik qayğılarla beynimizi o qədər yükləyirik ki, onlar artıq bizi öz buxovları altına alır. Bu buxovlar əylənmək üçün getdiyimiz yerlərdə, səyahətlərdə belə bizi rahat buraxmır, anın dadını yaşamağımıza imkan vermir, bizi daim təşvişdə saxlayır.

Biz daha çox şey əldə etmək üçün daim rəqabət aparırıq. Bir-birimizlə məkrli şəkildə apardığımız rəqabət hisslərimizin, duyğularımızın çirklənməsinə səbəb olur ki, sonda özümüzü tanıya bilməyəcəyimiz bir hala gəlirik. Əksinə, sağlam mühit, sağlam rəqabət bizi inkişaf etdirərək olduğumuzdan daha yaxşı yerə gəlməyimizə səbəb olur.

Biz əlimizdəkilərin dəyərini bilirikmi? Məncə, çoxumuz bilmirik. Hətta onlara o qədər öyrəşirik ki, bir gün bunları itirəcəyimizə inanmırıq. Həmişə olduğundan daha çox şey istəyir, əlimizdə olanlara görə isə şükür etməyi unuduruq. Belə bir deyim vardır ki, “Şükür etməyi unutduğumuz hər an xoşbəxtliyin bizdən uzaqlaşdığı andır”. Həqiqətən də, dünya nemətlərini əldə etməkdən ötrü gecə-gündüz demədən çalışır, sonda əldə edirik. Amma bir az keçdikdən sonra o qədər əziyyətlə əldə etdiyimiz hər şey gözümüzdən düşür. Daha yaxşısını, daha bahalısını əldə etmək istəyi gözümüzü boyayır. Axı azın dəyərini bilməyən, çoxun da dəyərini bilməz. Bütün bunlar çox zaman insanın həm mənəvi, həm də fiziki cəhətdən çökməsinə, tükənməsinə səbəb olur.

Bütün günü oruc tutduqdan sonra 10 dəqiqə ərzində doymaq, bir neçə saat sonra yenidən acmaq bizə həyati nemətlərin nə qədər keçici olduğunu göstərir. Bəs elə isə niyə biz bu nemətlərin arxasınca gedib heç nədən razı qalmır, şükür etmirik. Halbuki Allah bizə şükür etmək üçün o qədər şey verib ki.

Sənin bəyənib yemədiyin yemək günlərdir quru çörəyə həsrət olanlar üçün göz yaşı, kiçikdir dediyin ev küçədə evsiz-eşiksiz qalanlar üçün həyatın ağır sınağı, bəyənmədiyin maşın piyadaların arzusu, narazılıq etdiyin universitet və ya iş sənə həsrətlə baxan, oxumaq, işləmək arzusunda olanların xəyalı, fiziki cəhətdən şikayətləndiyin hər şey sağlamlığına qovuşmaq, yenidən yeriyə bilmək, sevdiklərini son bir dəfə də olsun görə bilmək üçün hər şeyini verməyə hazır olan insanların sönməyən ümid işığıdır. O ümid işığı ki, onları həyata, yaşamağa tutundurur.

Biz hava niyə günəşlidir, soyuqdur, niyə yağış yağır, niyə son model maşınım, telefonum yoxdur və s. deyib şikayətlənməkdənsə, əlimizdəkilərin dəyərini bilək. Bilək ki, bir gün bunun üçün gec olmasın. Həyata həmişə işıqlı pəncərədən baxaq. Unutmayaq ki, xoşbəxtlik gediləcək yer deyil, yolun özüdür.