Günel Natiqqızı Köşə Yazıları Xəbərlər

Xoşbəxtliyin ayaq səsləri

Yazın ruhuna bürünmüş payız havası. İş çıxışı növbəti gün edəcəklərimi zehin rəflərimdə səliqəyə salmağa çalışıram. Anamdan öyrəndiyim bu vərdişi həmişə davam etdirəcəyim düşüncəsi də dolaşır beynimdə həmin an. Fikir burulğanı içində olsam da, keçdiyim döngələri ilk dəfə görürmüş kimi müşahidə etməyi unutmuram. Bu dar döngələrin içinə böyük həyatlar sığdırdığını hiss edirəm. Hər gün getdiyim bu yol həm də bir az  “Gün keçdi” nin İçərişəhər ruhunu xatırladır mənə. Yaxınlıqdakı bağçadan eşidilən uşaq gülüşləri, yaşlıların bina önündə bardaş qurub söhbətləşməsi ötən günlərdəki doğmalığı yaşadır sanki. Həmin istiliyi hiss edərək “Bu gün qəribə sükut var” deyə düşünürəm. Elə həmin anda həyətdə oynayan uşaqların topu ayağıma dəyir. Onların oyunlarının bir parçası olmaq üçün topu onlara ötürürəm. Top zərbələrinin səsləri uşaqların gülüşlərinə qarışır. Bu mənzərə qarşısında beynimdən belə bir fikir səslənir: “Necə də xoşbəxtdirlər. Bizə sadə görünsə də, xoşbəxtliyin ayaq səsləri, bəlkə də, elə
bu anlarda gizlənib”.


Maraq və təbəssümlə xoşbəxtliyin ayaq səslərini duymaq üçün yoluma davam edirəm. Uzaqdan əlində kiçik qızılgül dəstəsi olan bir gənc oğlan görünür. Əlindəki gül dəstəsinin bağlamasının qıjıltısı eşidilir. Göstərişsiz, amma bir o qədər də saf və sevgi dolu bu mənzərədə də xoşbəxtliyin ayaq səslərinin izi görünür.

Döngənin bitməsinə bir az qalmış həyəcanlı və sevincli şəkildə söhbət edən iki məktəbli qız görürəm. Qızın ən sevimli əşyası kimi qucaqladığı kitabın vərəqlərinin səsi duyulur. Qızlardan biri deyir:

“Bu gün dərsə çox yaxşı cavab verdim e”.


Bax, bu da onların xoşbəxtliyinin səsidir…

Döngə bitir. Bu dəfə elə eşitdiyim, həqiqətən, ayaq səsləri olur. Anasının qarşısında qaçan balacanın rəngli ayaqqabılarının səsi. Gözümün önündə eyni şıltaqlıqla əlində qırmızı konfetlə anasının yanında qaçan qız canlanır:

“Qızım, elə qaçma, yıxılacaqsan”.

Bu xoşbəxtliyin ayaq səslərini duyduğum ən gözəl anlar idi. İndi həmin günlərə qayıtmağın mümkünsüz olduğunu bilsəm də, xəyalən həmin günlərə dönmək üçün kiçik addım atıram. Yolun kənarında dayanan yaşlı dayıdan “şirinquş” dediyimiz konfetdən alıram. Uşaq vaxtı kiçik cığarasının xışıltısını eşidəndə sevindiyimiz şirin-şirin xatirlərimizi yada salır.

Birdən “Gecdir daha” mahnısı gəlir ağlıma. Klipin əvvəlindəki ifadələr yadıma düşür:

“İnsanlar görüşürlər, ayrılırlar. Ömürdən ötən günlərin axarında bir-birini itirirlər. Xəyalə bənzər arzuların naminə və görəsən, nəyin naminə bir-birini itirdiklərini dərk edirlərmi?! Lakin nə olursa-olsun bütün ömür boyu hamını bir sual müşahidə edir:  Əsl xoşbəxtlik nədir?”

O zaman bu suala verə biləcək heç bir cavabım yox idi. Bəlkə, indi də yarımçıq olacaq. Çünki bu sual cavab tapmaq üçün deyil, onu hiss etmək üçündür. Hisslərim isə belə deyir:

Xoşbəxtlik fərqində olmadığımız anlardakı ayaq səslərində gizlənir. Sadəcə ayaq saxlayaq. Onda bütün qəlbimizlə eşidəcəyik xoşbəxtliyin sədalarını…